21:51 05-11-2015
news_image
3630
FUTBOL

1 ilə 1 gün qalmışdı - STATİSTİKA

“Qarabağ”ın avrokuboklarda keçirdiyi ev oyunlarındakı “quru seriyası” qırılıb. Apasport.az saytının məlumatına görə, son 5 ev qarşılaşmasında qapısını toxunulmaz saxlayan Ağdam təmsilçisinin seriyasına İvan Kavalyero son qoyub.

 

Fransanın “Monako” klubunun futbolçusu Avropa Liqasının qrup mərhələsinin IV turunun bugünkü matçının 72-ci dəqiqəsində fərqlənib. Cari mövsümdə Çempionlar Liqasında Monteneqronun “Rudar” və Şotlandiyanın “Seltik” (hər ikisi 0:0), Avropa Liqasının pley-off mərhələsində İsveçrə “Yanq Boyz”u (3:0), qrupda Belçika “Anderlext”i (1:0) ilə matçlarda evdə qapısında qol görməyən “Qarabağ” bu uğurlu seriyasını davam etdirə bilməyib.

 

Qurban Qurbanovun yetirmələri Kavalyeroya qədər öz meydanında son qolu 2014-cü il noyabrın 6-da Ukrayna “Dnepr”i ilə matçın 73-cü dəqiqəsində buraxmışdı. Nikola Kaliniçin qolundan sonra isə ağdamlılar 539 dəqiqəlik seriyaya imza atıb. Azərbaycan çempionunun seriyası 1 ilin tamamlanmasına 1 gün qalmış bitib və 364 gün davam edib.

 

Bununla, “Qarabağ” Azərbaycan klublarının avrokuboklardakı rekordunu təkrarlaya bilməyib. Bu göstərici isə “Neftçi”yə məxsusdu. Bakılılar ardıcıl 6 ev oyununu qol buraxmadan tərk edib. “Ağ-qaralar” buna 1999-2007-ci illərdə nail olub. Cari mövsümdə əvvəl “Qəbələ”, ardınca “Qarabağ” seriyasını 5-ə çatdırsa da, rekordun 1 addımlığında dayanıb.