22:13 06-11-2015
news_image
6211
TOP OYUNLARI

"Telekom" "Lokomotiv"ə gücünü göstərdi, "Azəryol"dan qələbə ilə start - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2015/2016 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, 207 günlük fasilədən sonra çempionatda yenidən 6 klub çempionluq üçün mübarizə aparır.

 

6 aylıq marafon Gürcüstanın “Tbilisi” və Azərbaycanın gənclər yığmasının əsasını təşkil edən "Gənclik" klubları arasında duellə başlayıb. Bu görüşdə çempionatımızda müsabiqədən kənar oynayan gürcülər favorit sayılsa da, voleybolumuzun gələcəyi azarkeşlərini yaxşı mənada təəccübləndirib. Vüqar Əliyevin yetirmələri hər 3 hissədə inamlı təsir bağışlamaqla, mövsümün ilk qələbəsini qazanıblar.

 

Matç başa çatdıqdan sonra Super Liqanın rəsmi açılış mərasimi baş tutub. Bədii hissə ilə yanaşı, Azərbaycan və Gürcüstan voleybol federasiyalarının rəsmiləri iştirakçılara uğurlar arzulayıblar.

 

I turun ikinci matçında “Lokomotiv” “Telekom”u sınağa çəkib. “Dəmiryolçular” heyətinə görə rəqibindən üstün olsalar da, oyun keyfiyyətində geri qalıblar. “Telekom”un “sükanı arxası”nda Zoran Qayiç kimi təcrübəli mütəxəssisin yer alması “Lokomotiv”in işini çətinə salıb. Bu səbəbdən də onlar öz oyunlarını tapmaqda belə problemlə üzləşiblər.

 

Düzdü, ilk hissədə məğlubiyyətdən sonra status-kvonu bərpa ediblər. Lakin bundan artığına gücləri çatmayıb. Növbəti 2 setdə də rəqibinə şok yaşadan “Telekom” mövsümə 3 xalla başlayıb.

 

Əvvəllər “bacı” hesab olunan “Azərreyl”lə “Azəryol”un bu dəfəki dueli maraqlı keçib. Hər 2 tərəf startdaca öz gücünü sübut etməyə çalışsa da, "Azəryol" rəqibinə nisbətən daha yaxşı oynayıb. İlk iki seti qazanmış "yolçəkənlər" üçüncü setdə "dəmiryolçular"a güzəştə getsə də, həlledici məqamda qalib gələrək oyunu qalibiyyətlə başa vura biliblər.

 

I tur

6 noyabr

 

“Azərreyl” – “Azəryol” - 1:3 (25:27, 23:25, 25:15, 23:25)

 

“Azərreyl” İdman Bazası

 

 

“Tbilisi” (Gürcüstan) – "Gənclik" - 0:3 (19:25, 19:25; 15:25)
“Azərreyl” İdman Bazası

 

“Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

“Azərreyl” İdman Bazası