13:23 09-11-2015
news_image
7140
DÖYÜŞ NÖVLƏRİ

Vüqar Ələkbərov: Ona xüsusi diqqət yetirirəm ki, mən buraxdığım səhvləri etməsin

“Dünya çempionatından sonra aktiv istirahətdəyik. Yəni, futbol oynayırıq, qaçırıq, formadan düşməməyə çalışırıq. Artıq məşqlərə də başlamışıq”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, boks üzrə Avropa Oyunlarının qalibi, dünya çempionatının bürünc medalçısı və Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edən Pərviz Bağırov (69 kq) deyib.

 

Azərbaycan 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hələlik 23 lisenziya qazanıb. Bu vəsiqələrdən 3-ü boksçularımızın payına düşür. Braziliyaya bilet sifariş verən P. Bağırov bildirib ki, meksikalı Marvin Kabreraya qalib gəldikdən sonra 1/4 final mərhələsi çərçivəsində kubalı Olimpiya çempionu Erislandi Savonla qarşılaşmada əvvəlki zədəsini yeniləyib və bu da dünya çempionatında qızıl medal qazanmasına mane olub: “Əvvəlcədən də əlimdə zədə vardı və kubalı boksçu ilə döyüş çox ağır keçdiyindən zədə daha da pis oldu. Bu səbəbdən də yarımfinalda Qazaxıstan boksçusu ilə istədiyim kimi döyüşə bilmədim”. 

 

P. Bağırovun şəxsi məşqçisi, Sidney-2000-in bürünc mükafatçısı Vüqar Ələkbərov yetirməsinin çempion ola bilməməsinə əsas səbəb kimi zədə amilini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan kubokunu və Avropa Oyunlarının qızıl mükafatını qazanan, mundialda da bürünc medalla kifayətlənən yetirməsinin 2015-ci ildə qazanılmayan bir mükafatı qalıb: “Bu, Dohada ələ edə bilmədiyi qızıl medaldır. Çünki Pərvizin gənclər arasında da kifayət qədər uğuru var. Avropa çempionudur, İrəvanda keçirilən dünya birinciliyində yeganə medalımızın sahibidir. Pərviz çox tez uğurlara imza atdı və inşallah, bu, davamlı olar. Sadəcə Dohada keçirilən dünya çempionatında onun zədəli olması qızıl medalın qazanılmamağı ilə nəticələndi. Buna heyfsilənirik. Pərvizin əlində zədəsi olmasaydı, orada dünya çempionu titulunu qazana bilərdi”.

 

P. Bağırov “Bakı-2015”də fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqdan sonra özündən razı qalmadığını, gücünün 60 faizini ortaya qoyduğunu açıqlamışdı. Dünya çempionatında isə potensialını nə dərəcədə göstərməsini məşqçisi şərh edib: “Pərvizin qabiliyyəti hazırda göstərdiyi boksdan qat-qat üstündür. Çünki onda boksçuya lazım olan hər şey var. Həm texnikalıdır, həm döyüşü görmə qabiliyyəti, həm də sürəti var. Onda çatışmazlıq yalnız zədələridir. Bu gün bunun üzərində işləyirik ki, Rioda zədə səbəbindən qızıl medalı əldən verməyək. O, öz sözünü deyəcək və 100 faizlik potensialını Olimpiadada göstərəcək. Yarımfinalda qazaxıstanlı boksçuya məğlubiyyətin digər səbəblərini də analiz etmişik. Bəziləri lisenziya qazanıldığından bu qarşılaşmada Pərvizin arxayınlaşdığını deyirlər. Amma bu sırf zədə ilə bağlıdır. Çünki zədəyə vurulan zərbələr avtomatik sinirə təsir edir. I raunddan sonra mən də tövsiyələrimi verərkən əlini göstərib, ağrıdığını deyirdi”.

 

P. Bağırov zədəsinin hazırkı durumuna da aydınlıq gətirib. Əlinin üstündə problem olduğunu deyən “Bakı-2015”in qalibi deyib ki, artıq yavaş-yavaş zərbə vurmağa da başlayır və təxminən ay yarıma çətinliklər arxada qalacaq.

 

Uzun illər boksçu kimi yığmamızın da şərəfini qoruyan, hazırda məşqçilik edən V. Ələkbərov rinqlə, ondan kənarda olmaq arasında hansı fərqin olduğunu da açıqlayıb: “Məşqçilik  sənətinin ağır olmağını eşitmişdim. Bu məsuliyyəti ilk gündən özümdə hiss edirəm. Çünki mən vuruşduğum dövrdə inanın ki, Pərvizin döyüşünə baxanda yaşadığım həyəcanın heç 1 faizini keçirməmişəm. Yəni idmançı döyüş zamanı həyəcanını boğa bilir, rəqibə qalib gəlməyə və ya hansısa səhvini tutub, onu vurmağın yolunu tapır. Amma tələbən rinqdə olduqda kənardan dediyinin bəzisini eşidir, bəzisini eşitmir və böyük həyəcana səbəb olur. Mən boksda edə bilmədikləri Pərvizin simasında görürəm”.

 

Olimpiya mükafatçımız döyüşdüyü dövrdə çox böyük səhvlərinin olduğunu da etiraf edib. O bildirib ki, hazırda əsas məqsədi P. Bağırovu bu cür məsələlərdən yayındırmaqdır: “Mən səhvlərim səbəbindən idmanı atmışım, çox tez - 24 yaşımda karyeramı bitirmişəm. Buna görə də Pərvizə xüsusi diqqət yetirirəm ki, mən buraxdığım səhvləri o etməsin, amma nail ola bilmədiyim nəticələri qazana bilsin. Yəni idmançı olduğun müddətdə hansısa səhvləri etməməlisən ki, bunu mən etmişdim. Çalışacağam ki, bu səhvləri nə Pərviz, nə də digər yetirmələrim etsin”.

 

P. Bağırov da müəlliminin məsləhətlərindən daima yararlandığını deyib. Onun sözlərinə görə, məşqçisinin ona əsas tapşırığı burnunun qalxmamasıdır.

 

Hansısa rəqiblə qarşılaşmaqdan ehtiyat etməyən boksçu bildirib ki, dekabrdan Olimpiya Oyunlarına hazırlığa start verəcək: “Hazırlıqlara Rusiyada başlayacağıq və burada potensial rəqiblərimə qarşı ciddi hazırlaşacağam. Püşkün isə mənim üçün ciddi fərqi yoxdur. 2011-ci ildə bir erməni boksçusunu məğlub etmişdim. Ermənistanda keçirilən dünya birinciliyində də eyni çəkidə döyüşürdük və İrəvanda istəyirdim ki, onunla düşəm. Amma püşk bizi üz-üzə qoymadı. Digər vaxtlar hansısa rəqiblər düşüm və ya düşməyim istəyi olmayıb”.

 

V. Ələkbərov da yetirməsini daha ciddi proqramla hazırlayacağını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov tapşırığına əsasən rəhbərlik, məşqçilər heyəti proqram tərtib edəcək və buna riayət edəcəklər.

 

Azərbaycan boksçuları hələlik Olimpiada tarixində yarımfinala kimi irəliləyərək, bürünc medalla kifayətləniblər. P. Bağırov bildirib ki, arzusu tək müəlliminin uğurunu təkrarlamaq deyil, daha da yaxşı nəticəyə imza atmaqdır: “Hamının arzusu Olimpiya Oyunlarında iştirak etməkdir. Bunu bacardıqdan sonra düşünürsən ki, mükafat qazanım. Yarımfinalda isə qızıla doğru getmək istəyirsən. Allah qismət etsin, birinci “bürüncə düşək”, ardınca da “qızıl”ı fikirləşək”.

 

Ötən mövsüm “Baku Fires”in heyətində WSB liqasında debüt edən P. Bağırov yeni mövsümdə komandada olmayacağını da açıqlayıb.

 

Dünya çempionatında komandamızın çıxışını yüksək qiymətləndirən V. Ələkbərov boksçu olduğu dövrlə hazırkı dövrü müqayisə edib və yerlə-göy arasında olduğu qədər fərqi gördüyünü deyib: “Federasiya prezidentimiz boks ailəsinə o qədər gözəl diqqət və qayğı göstərilməsi tapşırığını verib ki, bu, əvəzsizdir. Dünyada Azərbaycan Boks Federasiyası qədər öz boksçusunun qədrini bilən, yaxud onun qayğısına qalan ikinci bir federasiya yoxdur. Səmimiyyətimə inanın, çünki hazırda dünyada bir neçə federasiya var ki, rəhbərlərinin sırf boksa bağlılığı var. Bizdə də proses rəhbərimizin birbaşa nəzarəti altındadır. Yəni hər bir qələbədən, uğurdan birbaşa özünün xəbəri olur”.