13:24 14-11-2015
news_image
9817
DİGƏR NÖVLƏR

Azərbaycan Vitali Mutko adından yayılan açıqlama ilə bağlı Rusiya tərəfinə sorğu göndərəcək

“Ötən gün Rusiya kütləvi informasiya vasitələrində Rusiyanın idman naziri Vitali Mutkoya istinadən Azərbaycan hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün onlara müraciət etdiyini, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb. Vitali Mutkonun Rusiya mediasına verdiyi açıqlamanın jurnalistlər tərəfindən təhrif olunduğunu düşünərək daha dəqiq məlumatın əldə edilməsi məqsədilə Rusiya İdman Nazirliyinə sorğu göndəriləcək”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən yaydığı məlumatda bildirilir.

 

“Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan hökuməti, habelə Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib. Azərbaycan İlk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb” – deyə məlumatda deyilir.

 

Açıqlamada qeyd olunur ki, Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur: “Eyni zamanda bildiririk ki, bu, Avropa Olimpiya Komitəsinin, ora daxil olan Milli Olimpiya komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir. İkinci Avropa Oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır”.