10:06 16-11-2015
news_image

Milliləşən türkiyəlilər: Azərbaycanda bizə çox yaxşı davranırlar - FOTO

“Trabzonspor” klubunun iki futbolçusu Azərbaycan yığmasının formasını geyinib. Apasport.az-ın Türkiyənin “ajansspor.com” saytına istinadən məlumatına görə, söhbət Doğukan Öksüz və Murat Cem Akpınardan gedir.

 

Hər iki oyunçu artıq 17 yaşadək futbolçulardan ibarət yığma komandamızın heyətində debüt edib. Belə ki, onlar Qazaxıstandakı turnirdə sınaqdan keçiriliblər. Hücumçu Doğukan Öksüz hətta həmin turnirin ən yaxşı ön xətt oyunçusu da seçilib.

 

O, Türkiyə mətbuatına açıqlamasında Azərbaycan yığmasında özünü rahat hiss etdiyini bildirib: “Azərbaycandan dəvət etdilər, mən də özümü sınamaq istədiyim üçün getdim. Bizi çox yaxşı qarşıladılar. Turnirlərdə iştirak etdik, beynəlxalq oyunlar keçirərək özümüzü inkişaf etdirdik. Konkret Qazaxıstandakı turnirə qatılmışdıq. Orda 8 ölkənin komandası iştirak etmişdi və mən ən yaxşı hücumçu mükafatına layiq görülmüşdüm. Azərbaycanda dil problemi yaşamırıq. Bizə çox yaxşı davranırlar, özlərindən biri kimi qəbul edirlər. Orda özümüzü əcnəbi kimi hiss etmirik. Gələcəkdə hansı əsas yığmanın formasını geyinəcəyimlə bağlı hələ qərar verməmişəm. Həmin vaxt şərtlər nəyi tələb etsə, o cür də davranacam”.

 

Yarımmüdafiəçi Murat Cem Akpınar isə Türkiyə yığmasından təklif gəlmədiyi üçün belə bir addım atdığını söyləyib: “Türkiyə yığmasından təklif gəlmədi, amma Azərbaycandan çağırdılar. Məşqçilərimlə məsləhətləşərək, dərhal qəbul etdim. Təklif gələndə həyəcanlandım. Səyahətlər yorucu olur, amma istədiyimiz işi görürük. Azərbaycanda bizi isti qarşıladılar, çox yaxşıdılar. Bir problem yaşamırıq”.

 

Qeyd edək ki, AFFA “Trabzonspor”un daha iki gənc oyunçusu Ahmet Hakan Sevinç və Ebrarı da milliləşdirmək istəyir.