23:25 20-11-2015
news_image
1083
DÖYÜŞ NÖVLƏRİ

“Bütün görüşlərə axırıncı döyüş kimi yanaşırdım” – Qran-pri çempionu

“Çindəki yarışa hazırlıq yüksək səviyyədə gedirdi, yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu günki qazanılan uğurlar göstərdi ki düzgün yoldayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan cüdoçusu İlqar Müşkiyev deyib.

 

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarının ilk günündə Azərbaycan millisinə qızıl medal qazandıran təmsilçimiz yarışa hazırlıqdan və rəqiblərindən bəhs edib: “Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarış da istisna deyildi. Artıq zaman göstərir ki yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik. Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd eləmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım.

 

Ümumiyyətlə, Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib. 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bugünkü rəqibimin güləş stili mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü mənim xeyrimə bitirməyimə şərait yaratdı”.

 

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla döyüş haqda bəzi məqamları dilə gətirib: “Bildiyiniz kimi Orxan Səfərov 60 kq dərəcəsində öz sözünü deyən idmançılardandı. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etməyib, döyüşümüz çox gərgin keçdi”.

 

Çüdoçumuz gələn həftə Koreyada keçiriləcək Qran-pri yarışı barədə də fikir söyləyib: “Bu yarış göstərdi ki, hazırlığımız yüksək səviyyədədi və fikrimcə orda da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın bəhrəsi artıq görünməkdədi. Bu tempdə davam etməyə çalışacağıq”.