12:33 23-11-2015
news_image
835
DİGƏR NÖVLƏR

“Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram”

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev ölkə kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - "Glory World Series"də çıxış edəcək. Apasport.az saytının məlumatına görə, döyüşlə bağlı bu gün "Qafqaz Point Hotel"də mətbuat konfransı keçirilib.

 

Dekabrın 4-də Amsterdamda 70 kq çəki dərəcəsində mərakeşli Aziz Kallahla döyüşəcək həmyerlimiz bildirib ki, "Glory World Series"də iştirak məqsədi olub və əsas hədəfi yalnız qələbədi: “Bu, peşəkar boksun ən yüksək turniridi. Burada iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və “Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram. Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan”.

 

Son hazırlıqları Füzulu Musayevlə keçirən Abdullayevin sözlərinə görə, bu onun üçün faydalı olub: “O karateçi olduğundan hazırda  ayaqlarla daha yaxşı işləyirəm”.

 

Kikboksinqçi rəqibini də dəyərləndirib. O, 13 görüşdən 10-də qələbə qazanan Kallahın üstün tərəflərini öyrəndiyini deyib: “Yaşı da azdı. Lakin "Glory World Series"də iştirak hüququ qazanıbsa, deməli güclüdü. Hollandiya məktəbinin yetirməsidi, əsasən 2 nömrədə işləyir. Əsas hücumdur və ona qarşı döyüş üslubumu belə quracam”.

 

Abdullayev hazırda əla formada olduğunu açıqlayaraq, məğlubiyyət haqda düşünmədiyini vurğulayıb: “Döyüşdə ehtiyatlı olmalısan. Əsas odur zərbə buraxıb, zədələnməyəsən və görüş yarımçıq saxlanılmasın. Bunun üçün hücumda döyüşəcəyəm. Oktyabrın 16-da Rumıniyada qələbə qazandım və 1 həftə sonradan bu qarşılaşma üçün hazırlıqlara başlamışam. Formadayam, hər şey yaxşı olmalıdı”.

 

Noyabrın 25-də səfərə yollanacaq idmançı bildirib ki, gələcəkdə "Glory World Series"in Azərbaycanda keçirilməsi istisna deyil.  

 

Abdullayev bir qədər öncə İtaliyada erməni ilə döyüşməli olsa da,  rəqibinin zədə bəhanəsi səbəbindən görüş baş tutmayıb. Buna baxmayaraq, Pərviz "Glory World Series"də düşmən ölkə təmsilçisi ilə qarşılaşmaq arzusundadı: “Döyüşmək istədiyim çox rəqiblər var. Onlardan biri Corc Petrosyan İtaliyanı təmsil edir. Ümumiyyətlə, burada titullu idmançılar çoxdur, qarşıdakı döyüşlərdə onlarla üz-üzə gələcəm”.

 

Abdullayevin meneceri Faiq Abdullayev bildirib ki, “Amsterdam Arena”da baş tutacaq görüşə 1 ay öncədən bütün biletlər satılıb. O qeyd edib ki, qarşılaşmaya yaxşı hazırlaşdıqlarından qələbəyə ümid edirlər.

 

Kikboksinqçinin şəxsi məşqçisi Mehman Umudov də yetirməsinin qalib gələcəyinə inam ifadə edib: “Bu arzumuz idi. Hamı tələbəsinin bu yarışda iştirakını istəyir. İnşallah, gələcəkdə digər tələbələrimiz də Pərviz ardınca bu yarışa yollanacaq. Rəqibi izləmişik, ona qarşı lazımınca hazırlaşmışıq. Abdullayev tam hazırdı”.

 

Qeyd edək ki, “Kobra” ləqəbli Abdullayev indiyədək 44 peşəkar döyüş keçirərək, onlardan 40-da qalib gəlib.