17:53 23-11-2015
news_image

“Onunla rəqib olsaq da, kənarda qardaş münasibətindəyik” – dünya çempionumuz

“Yarışı komanda olaraq çox yüksək səviyyədə keçirdik. Bunun səbəbi idi ki, kişilər arasında komanda hesabında 1-ci yeri tutduq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan cüdoçusu Ramin Qurbanov deyib.

 

Çinin Qinqdao şəhərində keçirilən Qran-pri turnirində Azərbaycan millisi 6 medal qazanıb. Peter Zayzenbaherin yetirmələrindən İlqar Müşkiyevlə (60 kq) Nicat Şıxəlizadə (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) gümüş, Ramin Qurbanov (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (həm ikisi 100 kq) bürünc medal qazanıb.

 

Fəxri kürsünün üçüncü pilləsinə qalxan Qurbanov bildirib ki, Olimpiadaya lisenziya xalı verən yarışda asan rəqib olmayıb: “Dünyanın ən güclüləri yarışa qatılmışdı. Uzun müddət idi ki, lazımlı məşqlər keçirilmirdi. Məncə, son dövrlər medal qazanmamağımın əsas səbəbi də bu idi. Hazırda isə yeni federasiya rəhbərliyinin yaratdığı şəraitin sayəsində və yeni məşqçilərin səyləri nəticəsində medal qazana bildim.

Artıq Koreya Qran-prisinin hazırlıqlarına başlamışıq. 4 gün sonra baş tutacaq turnirə fiziki məşqçimiz Harinin rəhbərliyi altında yüngül yüklü məşqlər keçdikdən sonra kimano ilə məşqləri Peterin başçılığı altında keçəcəyik. Ümumilikdə komandamızda olan uşaqların hər birinin uğur qazanacağına əminəm”.

 

Digər bürünc medalçımız Qasımov da Olimpiya Oyunları yaxınlaşdıqca son yarışların hamısı ağır keçdiyini deyib. O bildirib ki, medal qazanacağına 90 faiz əmin imiş: “Ancaq zədəli olduğumdan bir qədər şübhələrim var idi. Buna baxmayaraq, sona kimi mübarizə apardım və istəyimə nail oldum. Elə alındı ki, komanda yoldaşım Elxan Məmmədovla üz-üzə gələsi olduq. Elxan bir xəbərdarlıq qabağa keçdi. Sonra zədə aldım və passiv güləşdiyimə görə daha bir xəbərdarlıq alaraq məğlub oldum. Ayağımın ağrısına görə həmin qarşılaşmada yaxşı güləşə bilmədim. Hazırda da ağrılar hiss edirəm. Ümid edirəm ki, həkimlərimizin səyi nəticəsində gələn yarışa kimi tam hazır olacam”.

 

Dünya çempionumuz Məmmədov isə Qran-prinin təşkilatçılığını yüksək qiymətləndirib: “Azərbaycan komandası kişilər arasında 1-ci yeri tutdu. Təbii ki, bu da bizim üçün böyük bir uğurdu. Son vaxtlar medal qazanmamağımın əsas səbəbi iki dəfə uzunmüddətli zədəli olmağım idi. Allaha çox şükürlər olsun ki, özümdə güc toplayıb yenidən geri qayıda bildim. Elmarla tatamidə rəqib olsaq da, kənarda qardaş münasibətindəyik. Görüşümüz isə çox çətin keçdi.

 

Qarşıda Koreya Qran-prisi var. Çalışacağıq ki, o yarışda da uğurların davamını gətirək. Əlimizdən gələni edəcəyik ki, orada da qələbələr qazanaq və xalqımızı sevindirək”.