15:49 30-11-2015
news_image

Taekvondoçularımız Meksikaya yollanırlar

Taekvondoçu kişilərdən ibarət Azərbaycan millisi dekabrın 1-də Meksikaya yollanacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərin məqsədi paytaxt Mexikoda keçiriləcək Qran-Pri turnirinin final mərhələsində və Dünya Kubokunda çıxış etməkdi.

 

Dekabrın 5-6-na təsadüf edəcək həlledici döyüşlərdə Azərbaycan dünya və Avropa çempionu Radik İsayevlə təmsil olunacaq. O, final mərhələsində +80 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

 

Bu turnirdən 1 gün sonra Dünya Kubokunun startı veriləcək. Dekabrın 8-9-da olacaq yarışa, baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən İsayev, həmçinin Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq) və Milad Beigi Harçeqani (80 kq) də qatılacaq.

 

Qeyd edək ki, yarışlarda ölkəmizi hakim qismində Oh Kvanq Çeol təmsil edəcək. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Mexikoya yollanacaq komandamız dekabrın 13-də vətənə dönəcək.