12:13 01-12-2015
news_image
867
DİGƏR NÖVLƏR

Sahib Ələkbərov: Təəssüflər olsun ki... - VİDEO

Noyabrın 30-da “Coca-Cola” şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası ilə bağlı tədbir keçirilib. Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, velosiped həvəskarları, tələbələr və media nümayəndələri iştirak edib.

Bu ilin may ayında başlayan kampaniya çərçivəsində artıq BMX Veloparkında 14 000-dən çox ağac əkilib. Baş tutmuş tədbirdə isə daha 1 000 ağac əkilib. Xatırladaq ki, “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped idman növü üzrə yarışlar məhz bu Veloparkda keçirilib.

“Coca-Cola” və ADA Universitetinin məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ekoloji şəraitin yaxşılaşdırılmasına nail olmaqdır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Abşeronda meşə zolaqlarının sahəsinin genişləndirilməsi su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya uğramasının qarşısını alacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparka toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər Əliyev göstəriş verib: “Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verdi. Bu parkda onun özünün şəxsən əkdiyi ağaclar da var. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30 000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə “Coca-Cola” şirkəti və ADA Universiteti tərəfindən burada daha 14 000 ağac əkilib. Bu, ərazinin yaşıllaşdırılması istiqamətində atılmış çox böyük bir addımdır. Bu gün Azərbaycanda ağac əkilməsi prosesi geniş vüsət alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" layihəsi bu prosesin daha da genişləndirilməsi üçün ciddi təkan rolunu oynamışdır”.

ADA Universitetinin rektoru Hafiz Paşayev ADA-nın ölkədə ekoloji maariflənmə və ekologiya sahəsində “Coca-Cola” ilə birgə həyata keçirdikləri işlərdən danışıb: “ADA Universiteti olaraq biz həm akademik proqram çərçivəsində, həm də əlavə tədris fəaliyyətində ekoloji layihələrə böyük əhəmiyyət veririk. “Coca-Cola” ilə möhtəşəm tərəfdaşlıq proqramı çərçivəsində 2020-ci ilədək Bakı və ətraf ərazilərdə 100 minədək ağacın əkilməsi nəzərdə tutulur. Bugünkü tədbirdə “Bakı 2015” ilk Avropa Oyunlarının keçirildiyi məkanlardan biri olan BMX Veloparkının yaşıllaşdırılmasında iştirak etməkdən məmnunluq hissi keçiririk”.