12:52 01-12-2015
news_image
5942
TOP OYUNLARI

“Baş məşqçi postuna təyinat mənim üçün gözlənilməz oldu” - MÜSAHİBƏ

“Azəryol” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbovun apasport.az saytına müsahibəsi

 

- Baş məşqçi kimi debütünüz Super Liqanın VI turu çərçivəsində “Azərreyl”lə oyuna təsadüf etdi. 3:2 hesabı ilə qalib gəldiyiniz matç barədə nə deyə bilərsiz?

- Komanda möhtəşəm oynadı. Debütümü nəzərə alaraq, buna xüsusi hazırlaşmışdıq. Çünki əvvəlki qarşılaşmalarda müəyyən çatışmazlıqlarımız hiss olunurdu. Məsələn, 5-6 top irəlidə olanda və ya geri düşəndə, komanda öz oyununu göstərə bilmirdi. Önə keçdikdə arxayınlıq, geri qaldıqda ruh düşkünlüyü yaranırdı. Bunların hamısını mərhələ-mərhələ yoluna qoyacağıq. Həmçinin, blokda zəif çıxış edirdik. “Azərreyl”ə matç öncəsi bütün bunları diqqət yetirdik. Nəticədə layiqli qələbə də qazandıq. İlk 2 hissədə voleybolçular çox inamlı təsir bağışladılar. Ardınca rəqib hesabı bərabərləşdirsə də, yekunda daha dəqiq oynamaqla, qalib gəldik.

 

- İlk oyununuz kişilərdən ibarət millidə köməkçisi olduğunuz Bülənt Karslıoğlunun çalışdırdığı komandaya qarşı idi. Görüşdə hansısa prinsipiallıq vardımı?

- Ondan da çox şey öyrənmişəm. Lakin qismət belə gətirdi. Xüsusi prinsipiallıq barədə nəsə deyə bilmərəm. Mən “Rabitə”, “Telekom”, yığma və “Azəryol” da daxil olmaqla, 7 təcrübəli baş məşqçi ilə işləmişəm. Onların tətbiq etdiyi məşq proseslərindən, taktikalarından ən yaxşılarını götürmüşəm və bunu daha da artıraraq, tətbiq etməyə çalışacam.

 

- Maraqlıdı, xələfiniz Aleksandr Çervyakovun səhhətində problem yarandıqda onu əvəzləmək siz üçün gözlənilməz olmadı ki?

- Təbii ki, baş məşqçi postuna təyinat mənim üçün gözlənilməz oldu. Biz kişi voleybolçuların Azərbaycan çempionatını izləmək üçün Qəbələdəydik. Lakin klub rəhbərliyi zəng edərək, geri dönməyimi istədi. Mən də gecə ilə qayıtdım və səhər iclasda prezident Cəmil Rüstəmxanlı komandaya baş məşqçi təyin olunduğumu açıqladı. Bildirdi ki, haqqımda bütün məlumatları alıb. Həmçinin, əsas çalışdırıcı kimi işləməyimdə hansısa çatışmazlığın olmadığını vurğulayan rəhbərlik gənc məşqçi kimi şans verməyin vaxtının çatdığını söylədi.

 

- Onda qarşınıza hansısa hədəflər də qoyulub. Sirr deyilsə, “Azəryol”un gənc prezidenti gənc baş məşqçidən hansı uğurları gözləyir?

- İstəklərimiz böyükdü. Qarşıma əsas məqsəd kimi CEV kubokunda bacardıqca irəliləmək və gözəl oyun tapşırığı qoyulub. İstəyimiz avrokubokda ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etməkdi. Super Liqaya gəlincə, burada da uğur qazanmaq arzusundayıq. Pley-offa yüksələcəyimizə şübhə etmirik. Əsas mübarizə bundan sonra gedəcək. Çalışacağıq ki, “Azəryol” tarixində ilk medalımızı əldə edək.

 

- 33 yaşlı Rəcəbov üçün bu çətin olmayacaq ki? Ümumiyyətlə, debüt matçında həyəcan vardımı?

- Bu şans mənim üçün böyük bir sınaqdı. Sözün düzü, startda bir balaca həyəcan vardı. Lakin tezliklə keçdi və komandanı lazımınca toparlaya bildim. Sanki meydanda özüm oynayıram.

 

- Artıq kimlə çalışacağınızı müəyyənləşdirmisizmi?

- Bəli, Mixail Solovyov köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Onun gücünə çox yaxşı bələdəm. Birgə oynamışıq və “Azəryol”da da birgə çalışırdıq. Hətta Solovyovla bu günlərdə bir yerdə çıxış etməyimizin 20 ili də arxada qalacaq.

 

- Bəs komandada hansı dəyişikliyi etməyi planlaşdırırsız? Yeni gələnlər, yaxud gedənlər varmı?

- İstəyirik ki, “Azəryol”u ölkənin ən güclü klublarından birinə çevirək. Komanda üçün bütün faydalı işləri görəcəyik. Artıq zəif nöqtələri də gücləndirməyə başlamışıq və bu məqsədlə ilk transfer də həyata keçirilib. Macarıstan millisinin blokçusu Dobi Edina bundan sonra komandamızda çıxış edəcək. Onu avrokubok üçün də sifariş etmişik. 190 sm boya malik Edinanın “Azəryol”u çox gücləndirəcəyinə ümid edirəm. İnşallah, hər şey uğurlu olar.

 

- Karyeranızda bunadək köməkçi-məşqçi olmusuz. Onun baş məşqçi ilə fərqi nədi?

- Bu işə yeni başlayan insan kimi istəyim öz sistemimi ortaya qoymaqdı. Yəni çalışdığım mütəxəssislərdən “yığdığım” təcrübəni xərcləməyi düşünürəm. Əsas fərq məsuliyyətin daha böyük olması və hər şeyə cavabdehlik daşımaqdı. Bu səbəbdən də çalışacağam ki, mənə göstərilən etimadı doğruldum.