14:26 06-12-2015
news_image

Elmar Qasımov Yaponiyadan medalla dönür

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Apasport.az saytına Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, millimizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov turnirin bürünc medalını qazanıb.

 

Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda isə cüdoçumuz almaniyalı Dino Pfeyfferi, daha sonra isə kubalı Joz Armenter üzərində qələbə qazanıb.

 

Yarımfinalda isə, o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub.

 

Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.

 

Digər təmsilçimiz Elxan Məmmədov isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

 

Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.