15:20 09-12-2015
news_image

Yığmamız lisenziya turnirlərinə hazırlaşır

Boks üzrə Azərbaycan yığması yenidən təlim-məşq toplanışına start verib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir.

 

Boks Mərkəzində təşkil olunan toplanışa Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev və Tayfur Əliyev (hər ikisi 56 kq), Albert Səlimov və Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) cəlb olunublar. Hazırlıqda yalnız komandamızın lideri Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak etmir. İkiqat dünya çempionumuz artıq zədəsini sağaltmaq üzrədi.

 

Millimizin böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bölüşüb: “Komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədi. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək, tarixi nəticələr qazandılar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub, Rioda keçiriləcək Olimpiadaya maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik”.