21:57 10-12-2015
news_image
1916
TOP OYUNLARI

Yeni baş məşqçi ilə qələbə seriyasına davam - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “Azəryol” Finlandiya “Salo”su ilə ilk qarşılaşmasına çıxıb.

 

1/16 finalda Rumıniya “Tarqovitse”sini “Qızıl set”də məğlub edən “Azəryol”u suomilərlə görüşə yeni baş məşqçi – Ziya Rəcəbov çıxarıb. Ölkə çempionatında 2 oyunda qələbə qazanan gənc çalışdırıcı avrokubokda da “siftə”sini uğurla bitirib. Onun çalışdırdığı komanda rəqibinə heç bir şans verməyərək, darmadağınla qalib gəlib.

 

Belə ki, oyun ilk mərhələdə Makkabi “Hayfa”sına bir set belə uduzmayan finlərin üstünlüyü ilə başlayıb. Lakin görüşdə lazımı taktiki gedişi vaxtında edən Ziya Rəcəbov matçın axarını dəyişib. Nəticədə təşəbbüsü ələ alan voleybolçularımız hesabda geridə olduğu ilk hissəni 9 top irəlidə bitirib.

 

İkinci setin ilk dəqiqələri də eyni ssenari ilə keçib. Lakin hazırda yaxşı formada olan “Azəryol” fərqi artırmaqda çətinlik çəkməyib – 2:0.

 

“Salo” üçüncü hissədə qarşılaşmada dönüş yaratmağa çalışsa da, alınmayıb. Düzdü, onlar hətta 6 top önə də keçiblər. Lakin “Azəryol” təcrübəli voleybolçuların sayəsində yenidən üstünlüyü əla alıb. Öncə hesabı bərabərləşdirən (20:20) komandamız yekunda bu seti də aktivinə yazmaqla, matçın hesabını müəyyənləşdirib – 3:0.

 

Cavab oyunu dekabrın 16-na təsadüf edəcək. Bu görüşdə 2:3 hesablı məğlubiyyət də “Azəryol”un mərhələ adlamasına problem yaratmayacaq.

 

10 dekabr

CEV kuboku

1/8 final, ilk oyun

 

“Salo” (Finlandiya) – “Azəryol” (Azərbaycan) - 0:3 (16:25, 19:25, 23:25)

Hakimlər: Konstantin Osipçuk (Belarus), Pavel Anderson (Rusiya)

Salo, Salohalli Sarayı