15:26 25-12-2015
news_image
1644
DİGƏR NÖVLƏR

“Olimpiadaya “wild card”la getsək..." – vitse-prezident

“Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılovun apasport.az saytına müsahibəsi

 

- “Qəbələ” İdman Klubu (atıcılıq) ilin ən yaxşı komandası seçildi. Bu, sizin üçün sürpriz olmadı ki?

- Təbii ki, gözləntilərimiz vardı. Biz ölkə rəhbərliyi tərəfindən bizə göstərilən etimadları doğrulduğumuzu düşünürük. Bu il Avropa Oyunlarından sonra ən böyük yarışlardan biri – atıcılıq üzrə Dünya Kuboku Qəbələdə keçirildi. 34 lisenziyanın verildiyi turnirə 94 ölkənin idmançı ilə birgə 3000-dən artıq nümayəndə heyəti gəlmişdi. Belə bir böyük yarışın müvəffəqiyyətlə keçirilməsi də ölkəmiz üçün böyük bir uğur oldu. Beynəlxalq qurumlar tərəfindən də buna yüksək qiymət verildi.

 

- Komandanızın qarşısına qoyduğu konkret məsələlər hansılardı? Gənc nəsil yetişdirmək, yoxsa yığmanın üzvlərini bir araya gətirmək.

- Millimiz üçün ehtiyat qüvvənin hazırlanması və burada mümkün qədər çox beynəlxalq tədbirlərin keçirməyə üstünlük veririk. Bu da növbəti uğurlara hesablanmış addımdı.

 

- Amma siz də daxil olmaqla, millinin aparıcı üzvləri “Qəbələ”də cəmləşib. Necə fikirləşirsiz, klubunuzun snayperləri Rioya niyə lisenziya qazana bilmədi?

- Çox səylə çalışdıq. Eyni anda, təşkilatçılıq və atıcılıqla məşğul olmaq bir qədər çətindi. Amma idmançı olaraq, yarışlarda müvəffəqiyyətlə çıxış etmək üçün əlimizdən gələni edirik. Bəzi uğursuzluqlarımız oldu. Lakin çox az xalla lisenziyadan kənar qaldıq. Atıcılıqda bunu bacarmaq bir qədər çətindi. Məsələn, götürək, stend atıcılığını. Burada 300-dək snayper cəmi 3 medal uğrunda mübarizə aparır ki, bu da mükafatçılar sırasına düşməyi çətinləşdirir.

 

- “Qəbələ” son zamanlar müxtəlif ölkələrin atıcılıq yığmalarının təlim-məşq mərkəzinə çevrilib. Qəbələyə gələn perspektivli gənclərdən komandanızda saxlayıb, milliləşdirərək yığmamıza cəlb edilməsi mümkündümü?

- Bakı və Qələbə atıcılıq məktəbləri ilə birgə layihələrimiz var. Beynəlxalq Atıcılıq Akademiyası ilə filiallarından birinin Qəbələdə açılması ilə bağlı saziş imzalanıb. Həmin vaxt yay hazırlıqları da olacaq. Xaricilərlə birgə gənc atıcılarımız da bu təcrübədən istifadə edəcəklər. Bu da gələcək üçün millimizə böyük fayda verə bilər. Hazırda “Qəbələ” Atıcılıq Klubundan 30-a yaxın idmançı var. Onlardan 10-u böyük perspektiv vəd edir və yığmada özlərini göstərə biləcək gücdədilər.

 

- Bu ilin sizin üçün uğurla bitdiyini vurğuladız. 2016-cı ildən gözləntiləriz nədi?

- Yeni ildə təmsil olunduğumuz idman növündə ölkəmizə “wild card” verilməlidi. Güllə atıcılığında isə axırıncı şanslar qalıb. Ümid edək ki, orada lisenziya qazanarıq və güzəştli vərəqəyə ehtiyac qalmaz. Olimpiadaya “wild card”la getsək, təbii ki, ən layiqli idmançımız Rioda bizi təmsil edəcək. Həqiqətən idmançılarımız güclüdü. Federasiyamız da yeni nəslə üstünlük verməyi tövsiyə edib ki, uğurlarımız davamlı olsun.