16:29 25-12-2015
news_image
1868
DÖYÜŞ NÖVLƏRİ

“Bizim növdə lisenziya qazanmaq çox çətindi” - MÜSAHİBƏ

Azərbaycan millisinin taekvondoçusu Ayxan Tağızadənin (68 kq) apasport.az saytına müsahibəsi

 

- 2015-ci il tarixin yaddaşına köçür. Arxada qalan il sizin üçün nə ilə yadda qaldı?

- İl uğurlu alındı. Xüsusən də, Bakıda keçirilən I Avropa Oyunlarını qeyd etmək istərdim. Oyunların qızıl medalını qazanmağım, cənab prezidentimiz İlham Əliyevin zəngi, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun təbriki mənim üçün ilin ən yaddaqalan hadisələri oldu. Onun ardınca uğurlu nəticələr daha da artdı. Hərbçilər arasında dünya çempionatında ikinci yeri tutdum. Daha sonra da yığma komanda ilə Dünya Kubokunun sahibi oldum.

 

- İlin əvvəlində belə uğurlu çıxış gözləyirdizmi?

- Açığı, bunu gözləmirdim. Amma bütün fikrim Avropa Oyunlarında idi. Ən azı mükafatçılar sırasında düşməyi hədəfləyirdim. Şükür Allaha, birinci yerə layiq görüldüm.

 

- Bu uğurlu çıxışınızın sirri nədədi?

- Uğurumun sirri özümə güvənmək və qarşıma qoyduğum məqsədə doğru inamla irəliləmək, ona çatmaqdı.

 

- Azərbaycan taekvondosunun il ərzində bu qədər uğur qazanmasında baş məşqçi Reza Mehmandostun əməyi nə qədərdi? Onun gəlişi komandanıza nə dərəcədə təkan verdi?

- Həqiqətən də, Reza müəllimin gəlişindən sonra komandamız daha da inkişaf etdi. Radik İsayevin sayəsində 14 ildən sonra dünya çempionumuz oldu. Avropa Oyunlarında iştirak edən 4 oğlan idmançımızdan 3-ü qızıl medal qazandı. Azərbaycan taekvondo yığması tarixində ilk dəfə Dünya Kubokunun sahibi oldu. Bir sözlə, iranlı mütəxəssis bizə böyük kömək oldu. Həm məşqçilərimizin, həm də idmançıların çalışqanlığının nəticəsidi ki, ili yüksək səviyyədə keçirdik.

 

- Bəzi taekvondoçular Mehmandostun gəlişindən sonra yığmadan ayrıldılar. Ümumilikdə bu siyasəti və komanda yoldaşlarınızın çıxışını necə qiymətləndirirsiniz?

- Reza müəllim əsasən heyəti gəncləşdirməyə çalışdı. Perspektiv vəd edən gənc taekvondoçuları komandaya cəlb etdi. İstəyinə də nail oldu. Bakıda Azərbaycan çempionatına start verilib. Bu yarışa da baxacaq. İnanıram ki, kimdə perspektiv görsə, onu mütləq yığmaya çağıracaq.

 

- 2016-cı Olimpiya ili hesab olunur. Bu ildən nə gözləyirsiniz?

- Bəli, gələn il Rio-de-Janeyroda Yay Olimpiya Oyunları baş tutacaq. Həmçinin Avropa çempionatı da keçiriləcək. İnşallah, bu yarışlarda da əlimizdən gələni edəcəyik.

 

- Rio-2016-ya hələlik Radik İsayev lisenziya qazanıb. Bu hüquqa yiyələnmək sizin üçün çətin olmayacaq?

- Bizim növdə lisenziya qazanmaq çox çətindi. Bir yarış - yanvarda Türkiyədə lisenziya turniri olacaq. İnşallah, uğurlu çıxış edib, Olimpiadaya lisenziya qazanarıq.