15:10 28-12-2015
news_image

“Baku Fires”in boksçuları mübarizəsiz növbəti mərhələdə

Azərbaycan Boks Mərkəzində böyüklər arasında ölkə çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün yarışda bəzi çəki dərəcələrində 1/4 final qarşılaşmaları keçirilib. 
 

49 kq çəki dərəcəsində Cavid Dadaşovla (Baku Fires) Araz İmaməliyevin (Gilan) görüşü böyük maraq doğururdu. Daha təcrübəli İmaməliyev 3:0 hesabı ilə qalib gəlib. 2011-ci ilin Avropa çempionu Salman Əlizadə isə Azər Qurbanovla görüşdən qalib ayrılıb - 3:0. 


Yeniyetmələrin Olimpiya oyunlarının iştirakçısı Məsud Yusifzadə (52 kq) Qoşqar Səfərli ilə qarşılaşmanı çətinliklə öz xeyrinə başa vurub - 2:1. "Baku Fires" klubunun təmsilçisi Rəsul Saliyev Lənkəran boksçusu Elşən İsmayılovu texniki nokautla üstələyib. 
 

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Maqomedov Vüsal Məmmədovu nokautla məğlubiyyətə uğradıb. Bu çəkidə "Baku Fires"in digər üzvü Murad Rabadanov da növbəti mərhələyə vəsiqə qazanıb. O, Elcan Qafarlı üzərində qələbə qazanıb. 56 kq çəki dərəcəsində qələbəyə namizədlərdən Tural Əhmədov (Gilan) Elduz Əliyevi texniki nokautla məğlub edib. 


60 kq-da Orxan Əliyev (Baku Fires) gözlənilmədən Kamran Orucovu mübarizədən kənarlaşdırıb - 3:0. 
 

64 kq çəki dərəcəsizdə mübarizə aparan "Baku Fires" klubunun üzvü Zaur Abdulayev Kamran Baxşəliyevə 1:2 hesabı ilə uduzaraq, çempionatdan kənarda qalıb. Bu çəkidə favoritlərdən sayılan "Gilan" ın üzvü Xəzər Əliyev növbəti qələbəsini qazanıb. Astara idmançısı Mirasif Hadızadə Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyevlə görüşə çıxmaqdan imtina edib. 


81 kq-da qələbəyə namizədlərdən sayılan Rauf Rəhimov da növbəti mərhələyə vəsiqə qazanıb. "Baku Fires" klubunun üzvü, London Olimpiadasının iştirakçısı Soltan Migitinov Zaur Rəhimovu texniki nokautla məğlub edib. 
"Baku Fires"in +91 kq çəki dərəcəsindəki nümayəndəsi Arslanbek Mahmudov mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Yusif Məhəmmədəli rinqə çıxmaqdan boyun qaçırıb. Bu çəki dərəcəsinin digər təcrübəli boksçusu Kamran Mehdiyev də mübarizəni davam etdirir. 


Bu gün digər çəki dərəcələrində 1/4 final döyüşləri davam edəcək.