09:44 29-12-2015
news_image

“Baku Fires”in boksçularından yoluna davam

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vurulub. "Baku Fires"dən apasport.az saytına verilən məlumatına görə, klubun 52 kq çəki dərəcəsində çıxış edən üzvü Məhəmməd İbiyev Sərxan Babayev üzərində qələbə qazanıb.

 

O, yarımfinalda Kamran Məlikovla qarşılaşacaq. Bu çəki dərəcəsində milli komandanın 2-ci nömrəsi Məsud Yusifzadə gərgin mübarizədə Rəsul Saliyevi məğlub edib.

 
56 kq-da "Baku Fires" klubunun iki üzvü - Yaraş Məhəmmədov və Murad Rabadanov 1/4 finalda üz-üzə gəliblər. Məhəmmədov qalib gələrək yarımfinalda Tural Əhmədovun (Gilan) rəqibi olub. 
 

"Gilan"in digər üzvü Xəzər Əliyev (64 kq) 1/4 finalda Fəxri Sadiqzadəni mübarizədən kənarlaşdırıb. Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də yarımfinala yüksəlib. O, Gündüz Hüseynovdan güclü olub. Hacəliyev yarımfinalda İman Əhmədli ilə görüşəcək.

 
69 kq-da qələbəyə namizədlərdən Tamerlan Abdullayev gərgin mübarizədə Saqi Salehlini üstələyib. Onun növbəti rəqibi Pərviz Hüseynov olacaq.

 
75 kq çəki dərəcəsində çıxış edən 18 yaşlı Zaurbek İbrahimov (Baku Fires) Tural Əmirov üzərində qələbə qazanıb. İbrahimov yarımfinalda təcrübəli Yolçu Zeynalovla üz-üzə gələcək. Bu çəkidə "Baku Fires"in digər üzvü Nikolay Veselov da yarımfinalda mübarizə aparacaq. 


Yarışda əsas sensasiyalardan biri 81 kq-da qeydə alınıb. Vaxtilə millimizin 1-ci nömrəsi olmuş Rauf Rəhimov gözlənilmədən Orxan Mayıllıya uduzub. Yığmamızın digər üzvü, London Olimpiadasının iştirakçısı Soltan Migitinov isə 1/4 finalda qələbə qazanıb. 
91 kq-da təcrübəli Hacı Murtuzəliyev Heydər Heydərovla döyüşdə favorit sayılsa da, gənc rəqibinə uduzub. 


Super ağır çəki dərəcəsində "Baku Fires"in üzvü Arslanbek Mahmudov Məhəmmədəli Tahirovu texniki nokautla məğlub edib. 
Ölkə çempionatına dekabrın 30-da yekun vurulacaq.