11:38 30-12-2015
news_image
14108
TOP OYUNLARI

“Azərbaycandakı ilk günlər mənə çox çətin idi” - Natalia Valentin

“Azərbaycandan gələn təklifi qəbul etdiyim üçün şadam. Yaxşı ki, vaxtında bu qərarı verib, Avropaya üz tutmuşam”. Apasport.az saytının məlumatına görə, bunu Puerto-Rika yığmasının voleybolçusu Natalia Valentin deyib.

 

Mövsümün əvvəlində “Azərreyl”ə transfer olunan toppaylayıcı Bakı klubuna keçidinin karyerası üçün tramplin olacağını açıqlayıb. O bildirib ki, paytaxt təmsilçisində taktiki cəhətdən çox şey öyrənirir: “Məşqçimiz daima bizlə işləyir. Taktiki savadımız isə təcrübə topladıqca çoxalır”.

 

Valentinin sözlərinə görə, Azərbaycanda ilk günləri heç də yaxşı keçməyib. Onun Bakıya adaptasiyasında Puerto-Rika yığmasında və “Azərreyl”də komanda yoldaşı Stefanye Enray (“Azərreyl” artıq Ernayla yollarını ayırıb - red) yardımçı olub: “Vətəndəki rahatlığımdan imtina edib, ona görə xaricə getdim ki, həm də idmançı kimi inkişaf edim, həm də dünya görüşümü artırım. Etiraf edim ki, Azərbaycandakı ilk günlər mənə çox çətin idi. Amma uyğunlaşma problemini həll etməkdə komanda yoldaşım Stefanye Enray mənə çox kömək etdi. “Fefa” çox müsbət enerjili insandı. Onunla olduqda bu enerji sənə də keçir. Biz bir-birimizə çox kömək edirdik. Bir komandada olmağımız hər ikimizin xeyrinə idi”.

 

Tailandlı Nutsara Tomkomun kölgəsində qalan toppaylayıcı “Azərreyl”in hədəflərinə də toxunub: “Qarşımızda Çempionlar Liqasında və Super Liqada uğurlu çıxış etmək vəzifəsi durur. Bu çətin tapşırıq olsa da, öhdəsindən gəlməyə çalışırıq. Düzdü, mən meydanda çox vaxt keçirməyib, ehtiyat oyunçular skamyasında otururam. Amma yenə də burada çox şey öyrənirəm”.

 

Valentin bildirib ki, klubunun düşərgəsinə yanvarın 14-də qayıdaq və həmin vaxta kimi vacib oyunlara çıxacaq: “Rioya vəsiqə üçün Dominikan Respublikası, ABŞ və Kanada ilə qarşılaşacağıq. Bu oyunlar heç də asan olmayacaq. Bütün bacarıq və istedadımızı nümayiş etdirib, Olimpiadaya can atmalıyıq. Hədəfimizə çatmaq üçün çalışırıq”.

 

26 yaşlı toppaylayıcı Super Liqa başa çatan kimi vətəninə dönəcəyini də vurğulayıb: “Azərreyl”lə müqaviləm 2016-cı ilin aprelində başa çatacaq. Bundan sonra doğma “Ponse”yə qayıdıb, çempionluq uğrunda mübarizədə komandama kömək etməyə çalışacam”.