15:50 08-01-2016
news_image

Rövnəq Abdullayev Marius Vizerlə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb. Apasport.az saytının məlumatına görə, ACF rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

 

Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika “Qran-pri” və “Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən İJF rəhbəri Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Vizer bu ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib.

 

2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçirilməsinin də Bakıya həvalə olunduğunu söyləyən Vizer bu tədbirdə cüdoda Olimpiadadan sonra yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, İJF-nin 2 il əvvəl yaranmış akademiyası ilə ACF arasında əməkdaşlığa başlanılacaq.

 

Sonra Vizer İJF-nin xüsusi hədiyyəsini Abdullayevə təqdim edib.