10:11 09-01-2016
news_image
3558
TOP OYUNLARI

“Lokomotiv”in legioneri finala həsrət qaldı

Ankarada keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirində finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rio-2016-ya birbaşa vəsiqə uğrunda matçda Rusiya və Hollandiya milliləri üz-üzə gələcək.

 

Sonuncular yarımfinalda İtaliyanı darmadağın edib – 3:0 (25:23, 25:21, 25:19). Şimal qonşularımız isə Türkiyə ilə prinsipial duelin qalibi olub. Meydan sahibi olan “ay-ulduzlular” ilk setdə qalib gəlsə də, Yuri Mariçevin yetirmələri qarşısında aciz qalıb.

 

Tatyana Koşelevanın təkbaşına 22 al topladığı görüş 3:1 (21:25, 25:18, 25:12, 25:20) hesabı ilə başa çatıb.

 

Türkiyə millisinin heyətində yer alan Bakı “Lokomotiv”inin toppaylayıcısı Özge Kırdar Çemberci ilk seti azarkeş kimi izləsə də, növbəti 3 hissədə meydanda olub. O, qarşılaşmada 1 xal qazanıb.

 

Beləliklə, bu gün keçiriləcək finalda Rusiya ilə Hollandiya qarşılaşacaq. Qalib komanda Braziliyaya, məğlub isə dünya təsnifat mərhələsinə vəsiqə qazanacaq. Türkiyə ilə İtaliya arasında 3-cü yer uğrunda oyunun qalibi də may ayında Yaponiyada təşkil olunacaq həmin turnirə yollanmaq hüququ əldə edəcək.