12:58 12-01-2016
news_image
533
DİGƏR NÖVLƏR

"Neftçi İdman Klubu” fəxri kürsünü zəbt etdi

Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda "Neftçi İdman Klubu” İB, "Spartak” İC, "Dinamo” İC və Fövqəladə Hallar Nazirliyinin komandaları tərkibində 40-a qədər idmançı mübarizəyə qoşulub.

 

"Neftçi İdman Klubu”nun güllə atıcıları çempionatda aşkar üstünlükləri ilə seçiliblər və yüksək nailiyyətlər qazanıblar. Kişilər arasında təşkil olunan pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında (60 atəş) Ruslan Lunyov 578 xal toplayaraq çempionluğa yüksəlib. Rəsul Məmmədov isə ondan cəmi 3 xal az toplayıb (575 xal) və gümüş medala layiq görülüb.

 

Klubun xanım idmançıları daha uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, qadınların pnevmatik tapançadan 10 metr məsafəyə 40 dəfə atəş açmaqla mübarizə apardığı çempionatda fəxri kürsünün bütün pillələrini klubumuzun yetirmələri zəbt ediblər. Onlardan Nigar Nəsirova 377 xalla liderliyə yüksəlib. Zərifə Qasımova (370 xal) 2-ci, Lalə Mirzəzadə (367 xal) isə 3-cü yeri tutub.