19:49 17-01-2016
news_image
2675
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımızdan Rioya daha bir lisenziya!

Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Belə ki, Fəridə Əzizovadan sonra mübarizəyə bu gün qoşulan Patimat Abakarova da 49 kq çəki dərəcəsində Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, bu uğura yarışda finala yüksəlməklə nail olub.

 

Təmsilçimiz finala qədər ilk olaraq, hollandiyalı Dino Poriunes-Lanqerud (4:1) yenib. Daha sonra yunan döyüşçü İonna Kots mübarizədən kənarlaşdırılıb (5:1). Yarımfinalda isə Patimat ukraynalı İrina Romaldanovu (3:1) məğlub edərək, finala yüksəlib.

 

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 31-ə çatıb. Ondan öncə taekvondoçularımızdan Fəridə Əzizova, Radik İsayev, həmçinin Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.

 

Qeyd edək ki, Milad Beigi Harçeqani (80 kq) də lisenziya uğrunda mübarizəni davam etdirir.