11:42 18-01-2016
news_image
3506
DÖYÜŞ NÖVLƏRİ

“Tanrım xoşbəxt olmaq üçün mənə hər şeyi verib” - MÜSAHİBƏ

Azərbaycan taekvondoçusu Fəridə Əzizovanın apasport.az saytına müsahibəsi

 

- Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Rioya lisenziya qazandınız. İlin ilk ciddi sınağında çempion olmaqla, əldə etdiyiniz uğuru necə dəyərləndirərdiz?

- Məqsədim lisenziyaya nail olmaq idi. Çox sevinirəm ki, bu uğura imza atdım. Yarışda ilk gündə mübarizəyə qoşulmağı çox sevirəm. İlk qalib gələn, medal qazanan özüm olmaq istəyirəm. Bu sarıdan eqoist olduğumu da bilirəm.

 

- Döyüşləriniz barədə nə deyə bilərsiz? Sizcə, daha asan və çətin görüşləriniz kimə qarşı oldu?

- Fikrimcə, ilk cəhddə makedoniyalı Petra Matiyaseviçlə qarşılaşmam daha asan alındı. 4:1 hesabı ilə qalib gəldim. Buna baxmayaraq, növbəti mərhələlərdə çox ciddi rəqiblərlə üz-üzə gəldim. Deyərdim ki, ən gərgin döyüşüm sloveniyalı Franko Aniklə keçdi. Lisenziyanın taleyinin həll olunduğu görüşdə rəqib məndən hündür idi. Buna görə də döyüşün əsas hissəsində hesab açılmadı. Ona “Qızıl xal”la qalib gəldim. Bu döyüşdən sonra isə ilk hədəfimin öhdəsindən gəldim. Lakin istəyim tək vəsiqə deyildi. Qızıl medal qazanıb, bayrağımızı qaldırıb, himnimizi də oxumaq istəyirdim.

 

- Sizin 1/16 finalda məğlub etdiyiniz Matiyaseviç ilk qarşılaşmasında erməni İzabel Varjapetyanı asanlıqla – 9:0 hesabı ilə məğlub etmişdi. Döyüşdən öncə heç düşmən ölkə təmsilçisinin mərhələ adlamasını və sizə rəqib olmasını arzulayırdız?

- Bəli, özü lap çox. İllərlə arzu etdiyim döyüş olardı. Çünki erməni idmançı ilə qarşılaşmaq, onu böyük hesabla, hətta nokautla məğlub etmək hələlik həyata keçməyən istəyimdi. Yəqin ki, başqa bir yarışda onunla qarşılaşaram və məğlub edərəm.

 

- Finalda qələbə vacib olmasa da, türk əsilli almaniyalı idmançı Rabia Güleçi də məğlub etməkdə çətinlik çəkmədiz. Maraqlıdı, bu döyüşə kimi təbrikləri almışdızmı? Sirr deyilsə, irəli düşən kim oldu?

- Bəli, lisenziyanın ardınca çempionluq üçün də irəli atıldım və istəyimə nail oldum. Çünki Türkiyəyə lisenziya ilə yanaşı, qalib olmaq üçün getmişdim. Yarışa yola düşdüyüm gün rəfiqəmin ad günü idi. O, ad gününə məndən hədiyyə kimi, qızıl medal istəmişdi. Mən də ona “qalib olacağam” sözünü vermişdim. Həmişəki kimi, məni ilk təbrik edən də rəqiqəm oldu. Sadiq dostum bütün məşq prosesi zamanı, hətta istirahətdə belə mənə mənəvi dəstək verir. Bununla yanaşı, məşqlər zamanı bəzi köməkliklər də edir. Bayrağımızı yüksəltmək, himnimizi oxumaq isə mənim üçün böyük qürur hissidi.

 

- Siz artıq bir dəfə Olimpiadada iştirak etmisiz. Londona 16 yaşında Bakıda lisenziya qazanmaqla, 4 il sonra İstanbulda yenidən bu sevinci yaşamaq arasında hansı fərqlər var?

- Etiraf edim ki, Bakıda keçirilən lisenziya xarakterli təsnifat turnirində çıxış etdiyim zaman çox həyəcanlı, həmçinin təcrübəsiz idim. Bununla belə, lisenziya qazandım. Amma məhz təcrübəsizliyim səbəbindən Londonda 1 xal fərqi ilə məğlub oldum. Artıq inanıram ki, Rioda tam fərqli olacaq. Həyatda heç nədən gileylənməyə haqqım yoxdu. Tanrım xoşbəxt olmaq üçün mənə hər şey verib.

 

- Şəxsi məşqçiniz Səbuhi Zülfüqarov da sizlə birgədi. Artıq Rioya hazırlıq planını qurduğunuzu demək olarmı?

- Buradan qayıtdıqdan sonra yəqin ki, bir neçə gün istirahət edəcəyik. Ardınca məşqçim hazırlığı necə davam edəcəyimizi deyəcək. Onunla dostum yanımda olsun və nəticə vermək üçün başqa heç nəyə ehtiyacım yoxdu.