20:03 22-01-2016
news_image
1540
DÖYÜŞ NÖVLƏRİ

“Astana Arlans” – “Baku Fires”: Heyətlər açıqlandı - FOTOSESSİYA

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu VI mövsümdə ilk görüşünə çıxır. Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız  yanvarın 23-də  Qazaxıstanın Karaqanda şəhərində  Sapiyev Boks Mərkəzində yerli “Astana Arlans” klubu ilə qarşılaşacaq.

 

Ötən il liqanın qalibi olan Qazaxıstan təmsilçisi cari mövsümdə də iddialıdır.

 

Komandaların heyətləri artıq məlumdur:

 

“Astana Arlans”– “Baku Fires”

 

49 kq. Temirtas Jusupov – Cavid Dadaşov  

 

56 kq. Meirbolat Toitov – Yaraş Məhəmmədov

 

64 kq. Asxat Ualixanov – Heybətulla Hacıəliyev

 

75 kq. Meyirim Nursultanov – Badri Xardziani

 

91 kq. Erkin Muxamedjan – Hacı Murtuzəliyev

 

Yeni mövsümün ilk görüşündə “Baku Fires” klubunun heyətində bir boksçu debüt edəcək. Gürcüstanlı Badri Xardziani  ötən il Avropa oyunlarında iştirak edib, ancaq mükafatçılar sırasına düşə bilməyib. Onun rəqibi Nursultanovun 22 yaşı var və WSB liqasında 3 döyüş keçirib. O, yeganə məğlubiyyətini komandamızın üzvü Yevgeni Ramaşkeviçdən alıb.

 

Son vaxtlar milli komandadan kənarda qalan Hacıəliyev də Karaqanda da rinqə çıxacaq.  2011-ci ilin Avropa çempionatının bürünc mükafatçısı özünü  yığmanın məşqçilərinə göstərmək üçün cari çempionatda yaxşı çıxış etməlidir. Həmyerlimiz rəqibi Ualixanovu 2014-cü ilin aprelində Qubada keçirilən döyüşdə məğlub edib.

 

Cavid Dadaşov üçün Qazaxıstanda heç də asan olmayacaq. Boksçumuz “Astana Arlans”ın ən təcrübəli üzvlərindən biri Asiya çempionu Temirtas Jusupovla üz-üzə gələcək. Bu görüşdə Hacı Murtuzəliyev komandamızın heyətində favoritlərdən hesab olunur. Son Azərbaycan çempionatında gözlənilmədən uduzan boksçumuz liqada debüt edən Erkin Muxamedjanla  görüşəcək.

 

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı ilə canlı yayımlanacaq.

 

Yanvarın 23-də D qrupunda “Puerto Rico Hurricanes” “Uzbek Tigers”ı qəbul edəcək.