14:16 24-01-2016
news_image

Cüdoçumuz qızıl medal qazandı

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışları davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü qüvvəsini sınayıb.

 

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov yarışa ikinci mərhələdən qoşulub. 73 kq çəki dərəcəsində çıxış edən Orucov finala gedən yolda öncə Çernoqoriya təmsilçisi Nikola Qusiçə, daha sonra italiyalı Enriko Parlatiyə qalib gəlib. 1/4 finalda qanalı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Monqolustan idmançısı Odbayar Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələn Rüstəm Orucov Kuba Qran-Prisinin qızıl medalını qazanıb.

 

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli Qran-Pridə 1/4 finala qədər yüksələ bilib. Lakin bu mərhələdə məğlub olan Alimli təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında məğlub olan cüdoçumuz 7-ci yeri tutub.

 

81 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Əbdülhəq Rəsullu  isə mübarizəni erkən dayandırıb.

 

Beləliklə, Kuba Qran-Prisində cüdo üzrə Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

 

Qeyd edək ki, Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanmışdı.