19:22 26-01-2016
news_image
4788
TOP OYUNLARI

“Azəryol” “Çelenc raund”a vəsiqə qazandı - YENİLƏNİB

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Azərbaycanı təmsil edən “Azəryol” Polşanın “Muşina” klubunu qəbul edib.

 

Səfərdə 2:3 hesabı ilə uduzan komandamız cütün favoriti sayılırdı. Ziya Rəcəbovun gəlişindən sonra inamlı çıxışı ilə fərqlənən “Azəryol” görüşü “Qızıl set”ə saxlamadan 3:0 və ya 3:1 hesablı qələbə ilə bitirərək mərhələ adlamaq arzusunda idi.

 

Öncədən də gözlənildiyi kimi, rəqibini aşkar üstələyən təmsilçimiz polşalılara heç bir şans verməyib. İlk iki setdə cəmi 16 xal qazanan “Muşina” komandamıza ciddi müqavimət göstərə bilməyib.

 

Üçüncü setə uğurlu start götürən qonaqlar hətta bir ara 6 top fərqi ilə önə də keçiblər. Lakin özündə güc tapan Ziya Rəcəbovun komandası geri dönüş etməyi bacarıb. Ardıcıl xallar qazanan “Azəryol” bu setdə rəqibinə 20 xal əldə etmək imkanı verib. Bununla belə, bu seti də üstün tamamlayan təmsilçimiz “Muşina”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Bu qələbə sayəsində “Azəryol” “Çelenc raund”a vəsiqə qazanıb. Komandamızın rəqibi püşkatmadan sonra bəlli olacaq. Bu, Çempionlar Liqasında 3-cü yeri tutaraq, CEV Kubokunda iştirak hüququ qazanan klublardan biri olacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə sabah yekun vurulacaq.

 

 

26 yanvar

CEV kuboku

1/4 final

“Azəryol” (Azərbaycan) – “Muşina” (Polşa) - 3:0 (25:16, 25:16, 25:20)

Hakimlər: Audrius Qarqasas (Litva), Kristian Eduard Botezat (Rumıniya)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Muşina” (Polşa) – “Azəryol” (Azərbaycan) - 3:2 (27:25, 18:25, 23:25, 25:23, 15:5)