15:18 27-01-2016
news_image
3259
TOP OYUNLARI

“O, mənim son silahımdı” - MÜSAHİBƏ

“Azəryol”un baş məşqçisi Ziya Rəcəbovun apasport.az saytına müsahibəsi

 

- 1/4 finalda Polşanın “Muşina” klubunu məğlub edərək, “Çelenc raund”a vəsiqə qazandınız. Səfərdə 2:3 hesabı ilə məğlub olduqdan sonra Bakıda asan qələbə (3:0) qazanacağınızı gözləyirdizmi?

- Düzü, Polşaya yollanmazdan öncə də rəqibi lazımınca analiz etmişdim. Onlarla əsas fərqimiz voleybolçuların boyunun hündürlüyündə idi. “Muşuna”da bu orta hesabla 185 sm olduğu halda, bizdə 180 sm-di. Amma bizdə təcrübəli oyunçular üstünlük təşkil etdiyindən daha kombinasiyalı hücumlar qurduq. Səfərdə də qalib gəlməli idik. Lakin Muşinada yorğunluq öz sözünü dedi. Təxminən 1 günümüz yolda keçdi, həmin şəhərə kimi 3 təyyarə dəyişdik. Lazımınca adaptasiya ala bilmədiyimizə görə də məğlub olduq. Amma yenə cavab matçında 3:0 hesablı qələbə gözləmirdim. Mən 3:1 hesabını proqnozlaşdırırdım. Rəqibin heyətinin əsasını gənclər təşkil etdiyindən sona kimi döyüşəcəklərini fikirləşirdim.

 

- Amma “Muşina”nın 3-cü setdə fərqi azaltmaq imkanı vardı. Maraqlıdı, 6 top geridə olarkən götürdüyünüz tay-brekdə voleybolçularınızı oyuna yenidən necə köklədiz?

- Həmin vaxt rəqib topu oyuna sürətli daxil edirdi və bunun da nəticəsində bizdə qəbulu istədiyimiz kimi olmurdu. Əslində, hər bir çətin an üçün lazımı planları əvvəlcədən qurmuşdum. Hətta oyundan 2 gün öncə etdiyim 3 dəyişikliklə “Muşina” qarşısına sürpriz taktika ilə çıxmışdıq. Məsələn, Yekaterina Jidkova ilə Stefani Niemerin yerini dəyişərək, zonaları daha da gücləndirmişdim. Çünki amerikalı voleybolçu 2-ci zonadan yaxşı hücum edə bilmir. Amma Jidkova 4-cü ilə yanaşı, 2-ci zonada da inamlı təsir bağışlayır. Yəni əvvəl Niemer 2-ci zonada olarkən, hücumda çətinlik çəkirdiksə, bu dəfə eyni halı yaşamadıq. Həmçinin, toppaylayıcımız 6-cı zonada olanda 2 qəbulla hücumla qoşulurduq, amma bu dəfə bunu 3 qəbulla etdik ki, bu da həm topun qəbulunda, həm də hücumun kəsirində bizə çox fayda verdi.

 

- Heyətdə də dəyişikliklər nəzərdən qaçmadı. Anna Stepanyuku meydana buraxmadığınız hald, daima əsas heyətdə yer alan Aynur Kərimova heç “12-lik”də yox idi. Bu da taktiki gedişlərdən irəli gəlirdi?

- Xeyr, Kərimovanın zədəsi var. Hələ biz Polşada olanda belindən ağrılar başlamışdı. Orada oyunda 5 xal topladı. Düzü, zədəsini məndən gizlədirdi. Həkim məlumat verdi ki, iynə-dərmanla ağrılarını sakitləşdirir. Bu səbəbdən də cavab matçında Yelena Parxomenkaya şans verdim. Həm də bu rəqib üçün onun oyun üslubu daha üstün idi və görüşdə də özünü yaxşı tərəfdən göstərdi. Komandamıza 7 xal qazandırdı. Stepanyuka gəlincə, o, mənim son silahımdı. Təcrübəsi az olsa da, perspektivi böyükdü və lazımı anda kömək etməyi bacarır.

 

- Parxomenko son 2 mövsümü demək olar ki, ehtiyatda keçirib və ya əvəzetmələrlə meydana daxil olub. Növbəti oyunlarda necə Kərimovanın, yoxsa onun xidmətindən istifadə edəcəksiz?

- Onların hər ikisi komandamızın üzvləridi və istənilən an meydana girə bilərlər. Təbii ki, əsas heyət oyunçusu kimi də hər ikisinin təcrübəsi böyükdü. Amma Aynur sağalarsa, yenidən ilk “altılıq”da yer almaq ehtimalı bir qədər yüksəkdi. Sadəcə bütün bunlar hansı rəqibə qarşı necə taktika seçməyimizdən də asılı olacaq.

 

- “Azəryol” tarixində ilk dəfə “Çelenc raund”da oynamaq hüququ qazanıb. Bu mərhələdə potensial rəqiblərinizin tam siyahısı bu gün Çempionlar Liqasının VI turundan sonra bilinəcək. Hədəfiniz nədi və kimlə düşmək istərdiz?

- Təbii ki, sonadak mübarizə aparmaq arzusundayıq. Buna komandamızın gücü də var. Amma qarşıdakı matçlar daha çətin olacaq. Çünki rəqiblərimiz Çempionlar Liqasından gələcək ki, bu da CEV kubokundan bir pillə yuxarı sayılır. Oradan gələcək klub isə heyətini Çempionlar Liqasına uyğun qurub və çox güclü olacaq.

 

- Amma qarşılaşmaq istədiyiniz rəqibin adını açıqlamadız...

- Bütün rəqiblərə eyni baxır, hamısına da hörmət edirik. Lakin İtaliya “Novara”sı, Serbiyanın “Vizura”sı (əvvəlki “Partizan” - red) “dişimizə” görədi.

 

- Bu gün Çempionlar Liqasında son oyununa çıxacaq “Azərreyl” qələbə qazansa, potensial rəqibləriniz sırasında olacaq. Əgər bu reallaşarsa, onlarla qarşılaşmaqdan ehtiyat edirsiz?

- Əksinə. Onlar “Çelenc raund”da iştirak hüququ qazanıb, bizlə düşsə, əla olar.