18:50 27-01-2016
news_image
2669
DÖYÜŞ NÖVLƏRİ

“Olimpiada öncəsi oranı görmək yerinə düşdü”

“Braziliyadakı təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Çox güclü və ağır məşqlər idi. Bu ölkənin müxtəlif cüdo məktəblərinin yetirmələri, eləcə də Rusiya və Kolumbiya idmançıları təlim-məşq toplanışında iştirak edirdilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucov deyib.

 

73 kq çəki dərəcəsində mübarizə aparan idman federasiyanın mətbuat xidmətinə Braziliyada keçirilən təlim-məşq toplanışı, ardınca iştirak etdikləri Qran-pri barədə danışıb. Orucov bildirib ki, Kubanın paytaxtı Havanada keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxması gərgin məşqlərin nəticəsidi: “Qran-pridə çox güclü rəqiblərimin olmasına baxmayaraq, hamısını məğlub edərək qızıl medala sahib oldum. Təbii ki, qələbə qazanmağımda iştirak etdiyim toplantıların böyük rolu oldu. Ona görə də bu şəraiti yaratdıqlarına görə rəhbərliyimizə və məşqçilərə öz dərin minnətdarlığımı bildirirəm”.

 

Qran-pridə bürünc medal qazanan Orxan Səfərov (60 kq) da Cənubi Amerikadakı hazırlığın rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Rio-2016 öncəsi Braziliyaya getmək yerinə düşüb: “Braziliyadakı təlim-məşq toplanışı bizə çox lazım idi. Olimpiada öncəsi oranı görmək, bu ölkəyə uyğunlaşmaq yerinə düşdü. Çox güclü komandamız var və hər şey proqram üzrə davam edir. Ağır məşqlərin və təlim-məşq toplanışlarının bəhrəsini olimpiadada görəcəyimizə əminəm. Kubadakı Qran-pri yarışında isə ölkəmizi layiqincə təmsil edib bayrağımızı göylərə ucaltdıq”.

 

Dünya çempionumuz, Havanada fəxri kürsünün üçüncü pilləsinə qalxan Elxan Məmmədov (100 kq) isə artıq bütün çəkilərdə rəqabətin yarandığını vurğulayıb: “Braziliya təlim-məşq toplanışı və Kubadakı Qran-pri komandada hər çəkidə iştirak edən cüdoçular yaxşı hazırlıqlıdılar. Havanada təşkil olunan Qran-pridə çox güclü rəqiblərlə üz-üzə gəldim. Qarşılaşdığım üç rəqib dünya və Olimpiya mükafatçıları idi. Buna baxmayaraq, şükürlər olsun ki, medalsız qalmadım və bürünc medala sahib oldum”.