17:28 28-01-2016
news_image
3115
TOP OYUNLARI

Oksana Kurt: Səviyyə düşsə də, yığma çox şey qazanacaq

“Super Liqanın səviyyəsi bir qədər aşağı düşüb. Çünki bu il klublar çox pul ayırmağı, əvvəllər olduğu kimi dünya ulduzları gətirməyi lazım bilmədilər. Bildiyiniz kimi, müəyyən müddət ən güclü voleybolçular çempionatımıza gəlirdilər, bir ara klubumuz Kim Younq-Kvanqı da almaq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Azərreyl”in sabiq voleybolçusu Oksana Kurt (Parxomenko) deyib.

 

Həyat yoldaşı Onat Kurtla Türkiyədə “Voleybol Magazin” verilişinə qonaq olan cütlük bir sıra maraqlı məqamlara toxunub. Yığmamızın sabiq kapitanı bildirib ki, Azərbaycan çempionatında 2015/2016 mövsümündə gənclərə yer verilməsi növbəti illərdəki uğurlarımıza hesablanıb: “Bu il milli komandada rəqabət yaratmaq üçün gəncləri oynatmağa üstünlük verilir. Düşünürəm ki, səviyyə düşsə də, yığma bunun sayəsində çox şey qazanacaq”. 

 

Azərbaycan millisində köməkçi məşqçi işləyən Onat Kurt da ölkəmizdə voleybolun inkişaf yoluna nəzər salıb. Onun sözlərinə görə, 5 il əvvəllə müqayisədə bu gün yerli voleybolçular daha çox yetişir: “Bizim gəldiyimiz ilk ildə, yəni 5 il öncə Azərbaycan çempionatında limit yox idi. Əsasən əcnəbilər oynayırdı. Açığı, oyunçular şişirdirilmiş məbləğdə alınırdılar. Məsələn, “50”lik voleybolçu “100-150”yə rahat müqavilə bağlayırdı. Çünki komandaların bəzisində 12 əcnəbi oynayırdı. Lakin illər ötdükcə bu dəyişdi. Faiq Qarayev limit tətbiq etdi və heyətdə 2 azərbaycanlı oynamağa başladı. Bu da yığmanın inkişafına hesablanıb.

 

Qeyd edək ki, Oksana bu il “Azərreyl”də menecerliyə başlasa da, az öncə həyat yoldaşı Onatla birgə klubdan ayrılıb. Buna səbəb onların yeni müqavilə şərtlərinə razılaşa bilməmələri olub.