12:52 01-02-2016
news_image
1159
DÖYÜŞ NÖVLƏRİ

Raqif Abbasov: Hədəf Rioya 7 lisenziya qazanmaqdı - VİDEO

“Beynəlxalq reytinq təşkilatları, xüsusilə də nüfuzlu Böyük Britaniya təşkilatı - “Sport Market İntelligence” sosial sorğunu idman infrastrukturunda çalışan struktur bölmələri ilə həyata keçirir. Təbii ki, ilk növbədə Azərbaycanın seçilən 81 ölkənin siyahısına düşməsi seçilməyən dövlətlərdən fərqləndiyi bir haldır”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

 

İlk ayını arxada qoyduğumuz 2016-cı il Azərbaycan üçün bir sıra nüfuzlu yarışlarını keçirilməsi ilə əlamətdar olacaq. Bakıda gimnastikanın müxtəlif növləri üzrə 3 Dünya Kuboku, “Formula-1”in mərhələ yarışı, yeniyetmə futbolçular arasında Avropa çempionatı, Şahmat Olimpiadası kimi mötəbər turnirlər keçiriləcək. Bu sahədə zəngin təcrübəyə malik ölkəmizin təşkilatçılıqdakı uğurları beynəlxalq təşkilatların da diqqətindən yayınmır. “Sport Market Intelligence”nin tərtib etdiyi son siyahıda Azərbaycan idman ölkələri arasında 37-ci, Bakı 26-cı yerdə qərarlaşıb.

 

Ölkəmizin siyahıdakı mövqeyini müzakirə edən BŞGİBİ-nin rəisi bildirib ki, seçilən ölkələr arasında ilk 40 ölkə sırasına düşmək, müstəqilliyi yenidən əldə etmiş, yaşı 25-ə yaxın olan dövlət üçün çox böyük göstəricidir: “Azərbaycanın bu pilləni tutması təsadüfi deyil. Coğrafi ərazisinə, əhalisinə, ev sahibliyi etdiyimiz yarışların sayına və onun əmsallarına görə 37-ci yerdə qərarlaşmağımız böyük göstəricidir. Bu, Azərbaycanda keçirilmiş yarışlara verilən dəyərdir. Ölkəmizin artıq kompleks yarışların infrastrukturuna hazırlığının göstəricisidir. Siyahıya baxdıqda görürük ki, ərazisi, əhalisi bizdən qat-qat çox olan dövlətlərlə eyni sıralardayıq. Bu, ikiqat fəxr ediləsi haldır. MDB ölkələri arasında əgər əhalisi 150 milyon olan Rusiya, ərazisi Fransadan 5 dəfə böyük olan Qazaxıstanla bərabər tutuluruqsa, bu da bir göstəricidir”.

 

Bakının “Sport Market Intelligence”nin siyahısındakı mövqeyi barədə də danışan R. Abbasov paytaxtımızın Los-Anceles, Nanjinq, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto kimi şəhərləri qabaqlamasını da böyük uğur adlandırıb: “Burada bizdən öndə artıq Olimpiya Oyunlarını keçirmiş, həmçinin, əhalisi, ərazisi ölkəmizin əhalisi və ərazisindən qat-qat böyük olan şəhərlər yer alıb. Bakının bu siyahıda olması Olimpiya hərəkatına və idmana dəyər verən bir şəhər kimi qiymətləndirilməsidir. Deməli, paytaxtımızın həyat tərzi, insanlarının fiziki durumu, idmana münasibəti diqqət mərkəzindədir. Bu, bizə verilmiş dəyərdir. Çox sevinirik. Amma düşünürük ki, Milli Olimpiya Komitəsinin rəhbəri, cənab prezidentimiz İlham Əliyevin başçılığı ilə idman sahəsində görüləsi işlər hələ davam edəcək və bu göstəricilərimiz daha da yaxşılaşacaq”.

 

Avropa Oyunlarının Bakıda Olimpiada səviyyəsində keçirilməsinin sorğuda böyük rol oynadığını vurğulayan R. Abbasov il ərzində ölkəmizdə təşkil olunacaq yarışların da digərlərindən yaxşı mənada fərqlənəcəyini açıqlayıb: “Əgər Avropa Oyunları Azərbaycanın reytinq əmsallarına, kompleks yarışları keçirməsinə təsir etmişdisə, “Formula-1”in auditoriyası özündə böyük biznes infrastrukturunu birləşdirir və ölkəmizə sərmayənin gətirilməsi deməkdir. Yəni bu idman növü dünyada digərlərindən kəskin şəkildə fərqlənir və biz yeni auditoriyaya ölkəmizi tanıdırıq. Bunun Xocalı soyqırımının, 20 yanvar hadisələrinin tanıdılması işində payı olacaq. Şahmat Olimpiadasına gəlincə, burada da fərqli auditoriya olacaq. Deməli, biz yeni müstəviyə də qədəm qoyacağıq”.

 

Bakının Yay Olimpiya Oyunlarına yenidən namizədliyi barədə də fikir mübadiləsi aparan idarə rəisi fevralın 2-də olacaq Gənclər Günü ilə bağlı tədbirlər planını da açıqlayıb. O bildirib ki, paytaxtın ayrı-ayrı rayonlarında – Yasamalda Heydər Əliyev Mərkəzində, Binəqədidə Elit İdman Mərkəzində müxtəlif dəyirmi masalar, rəsm müsabiqələri təşkil olunacaq. Həmçinin ayrı-ayrı rayonlarda intellektual bilgisi olanlar, fərqlənənlər təltif ediləcəklər.

 

“Gənclər gününün 20 illiyində bir növ gördüyümüz işlərlə bağlı hesabat verəcəyik, təhlil edəcəyik və qarşıdakı hədəflərimizlə bağlı müzakirələrimizi aparacağıq” – deyə, R. Abbasov əlavə edib.

 

Eyni zamanda, Azərbaycan Cüdo Federasiyasının İdarə Heyətinin üzvü olan qonaq komandada müəyyən müddət öncə yaranan çətinliklərin yoluna qoyulduğu və həmin vaxtla bu gün arasında böyük fərq olduğunu açıqlayıb: “Federasiyamızda yeni yanaşma mexanizmi, yaxın və uzaq hədəflərimiz var. Rəhbərliyin tapşırığı ilə Rio-de-Janeyro Olimpiadası üçün xalların toplanmasını, idmançılarımızın ayrı-ayrı yarışlara qatılmasını diqqətdə saxlayırıq. Yığmada rəqabət artıb. Ümidvarıq ki, lisenziyalarımızın sayı nəzərdə tutduğumuz qədər olacaq. İstənilən halda, federasiya prezidentinin tapşırığı əsasında hədəf kimi 7 vəsiqədir. Amma bu rəqəmin bir qədər az, bir qədər çox olma ehtimalı da var. Hələlik bu hədəfə doğru gedirik. Qadın cüdoçuların yarışında lisenziyaya gəlincə, zamanı qabaqlamayaq, hələ yetirincə vaxt var. Təxminən aprel-may aylarında biz Olimpiada gedəcək idmançılarımızın sayını, onların hazırlıq səviyyəsini tam bilmiş olacağıq”.

 

Daima yeniliklərlə diqqət mərkəzində olan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Olimpiada öncəsi də ənənəsinə sadiq qalacaq. R. Abbasov bildirib ki, Rio Olimpiadasından əvvəl və Oyunların gedişində də bir sıra sürprizlər hazırlayacaqlar.