14:29 03-02-2016
news_image

“Baku Fires” liderə qarşı heyətini açıqladı

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu yeni mövsümdə 2-ci görüşünü keçirəcək.  Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi fevralın 5-də saat 19:00-da Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers”lə qarşılaşacaq.

 

Özbəkistan təmsilçisi 1-ci turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub edib. “Uzbek Tigers”in heyətində cari mövsümdə millinin ən güclü boksçuları cəmləşib.

 

Komandalar artıq heyətlərini açıqlayıblar. Belə ki, “Baku Fires”in heyətində Məhəmməd İbiyev (52 kq) Abrorjon Kadırovu, Hasan Arsunkayev (60 kq) Elnur Abdurraimovu, Yevgeni Ramaşkeviç (69 kq) Dostonbek Turdiyevi, Mixail Dolqolivets (81 kq) Şuxrat Abdullayevi və Arslanbek Mahmudov (+91 kq) Sərdor Abdullayevi sınağa çəkəcək.

 

Özbəkistan komandası Bakıya döyüşkən heyətlə gəlib. 52 kq çəki dərəcəsində çıxış edəcək Kadırov hazırda yaxşı formadadı. O, ötən il həm Almaniyada, həm də Qroznıda keçirilən beynəlxalq turnirlərin qalibi olub.

 

Elnur Abdurraimov da qonaq komandanın ən təcrübəli boksçularındandı. Abdurraimov ötən il Qətərdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Özbəkistan boksçusu kubalı Lazaro Alvarezə məğlub olsa da, braziliyalı Robson Konseysaonu üstələyib. WSB-də ilk görüşünə çıxacaq Arsunkayev üçün bu döyüş olduqca çətin olacaq.

 

Dolqolivetsin rəqibi 26 yaşlı Şuxrat Abdullayev hələ 2011-ci ildə Asiya çempionatında 1-ci yerə layiq görülüb. O, uzun illərdi ki, Özbəkistan millisinin heyətinə cəlb edilir.

 

Arslanbek Mahmudovla üz-üzə gələcək Sərdor Abdullayev də bizə yaxşı tanış olan boksçudu. 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov iki dəfə Özbəkistan boksçusunu məğlub edib: 2011-ci ildə WSB liqasında və həmin il Bakıda dünya çempionatında.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 3 xalla “Uzbek Tigers” (1 görüş, qələbə sayı 5-0) başçılıq edir. Eyni xala malik “Astana Arlans” (1, 4-1) 2-ci yerdə qərarlaşdığı halda, ilk görüşlərini məğlubiyyətlə başa vuran “Baku Fires” (1, 1-4) və “Puerto Rico Hurricanes” (1, 0-5) son 2 pillədədi.