15:39 09-02-2016
news_image
859
TOP OYUNLARI

Bakıda ulduz savaşı

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası “Lokomotiv” mübarizəyə ikinci oyun günündə qoşulacaq.

 

Super Liqanın gümüş medalçısı 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edəcək. Görüşün Karlo Parisinin yetirmələri üçün asan keçəcəyi gözlənilmir. Çünki ölkə çempionatında ardıcıl 131 qələbə qazanan və Çempionlar Liqasının qrup mərhələsində 100 faizlik nəticə göstərən Sürix təmsilçisi Bakıya da iddialı gəlib. Kapitanı Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədova olan “Volero”da ölkəmiz üçün tanış simalar üstünlük təşkil edir. Belə ki, sabah keçiriləcək matçda “Rabitə” ilə Super Liqanı qazanmış bolqarıstanlı Dobriana Rabadjiyeva və serbiyalı Silviya Popoviç də Bakıda yenidən özlərini sübut etməyə çalışacaqlar. Tarixin yaddaşına qovuşan “Rabitə”dən “Volero”ya keçən amerikalı Foluke Akinradevo zədə səbəbindən çox güman ki, komandasına kömək edə bilməyəcək.

 

Lakin “Lokomotiv”in də asan təslim olacağı inandırıcı deyil. Komandanın yerli azarkeşlər qarşısında rəqibə ciddi müqavimət göstərəcəyi də proqnozlaşdırılır. Onların hətta qalib gəlməsi belə sensasiya sayılmayacaq. Çünki ölkədə ən bahalı legioner və baş məşqçisinin yer aldığı klub bunu etməyə borcludu. “Lokomotiv” bunadək İsveçrə çempionunu məğlub edən həmşəhərlilərinin ənənəsini davam etdirməlidi. İndiyədək “Volero” ilə qarşılaşan “Azərreyl” rəqibinə 2 oyunda cəmi 1 bir set verib. Həmçinin,  “Volero”da cəmi 3, “Lokomotiv”də 4 yerli voleybolçunun olması Bakıdakı görüşü dünya ulduzlarının savaşına çevirəcək.  

 

 

1/6 final, ilk oyun

10 fevral

18:00. “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə)

Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)

Bakı, “Azərreyl” İdman Bazası