20:22 10-02-2016
news_image
5554
TOP OYUNLARI

"Lokomotiv" tay-brekdə sevindi, "Volero"nun seriyası Bakıda qırıldı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.

 

Görüş Super Liqanın gümüş medalçısı üçün heç də asan keçməyib. Ölkə çempionatında ardıcıl 131 qələbə qazanan və Çempionlar Liqasının qrup mərhələsində 100 faizlik nəticə göstərən Sürix təmsilçisi mövsümdə ilk məğlubiyyətini Bakıda alıb. Kapitanı Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədova olan “Volero” komandamıza çətin anlar yaşatsa da, yekunda sevinən tərəf “Lokomotiv” olub.

 

Düzdü, hər şey komandamız üçün yaxşı başlayıb. Lakin setin sonlarında rəqib fəallaşıb. Buna baxmayaraq, Karlo Parisinin tövsiyələri öz bəhrəsini verib. Komandamız birinci hissəni 4 top irəlidə bitirib.

 

İkinci setdə ssenari dəyişib. Bu dəfə təşəbbüsü ələ alan Sürix klubu çətinliklə də olsa, status-kvonu bərpa edib. Amma bu, “Lokomotiv”i ruhdan salmayıb. Komandamız hesabda öndə olduğu seti aktivinə yazaraq, yenidən hesabda irəli keçib – 2:1.

 

Ardınca yenidən “Volero” inamlı oyunu ilə diqqət mərkəzinə düşüb. Blokda və hücumda zəif təsir bağışlayan voleybolçularımız rəqibin hesabı bərabərləşdirməsinə mane ola bilməyiblər – 2:2.

 

Tay-brekdə isə komandamız öz oyununu tapıb. Onlar setboyu hesabda öndə olublar. Hissənin sonunda “Volero” ardıcıl 3 topu aktivinə yazmaqla, hesabı bərabərləşdirib – 14:14. Amma “Lokomotiv” onların uğurlu seriyasını davam etdirməsinə imkan verməyib. Bu dəfə komandamız 2 xal qazanıb və görüşü qələbə ilə başa vurub – 3:2.

 

Bu isə hələlik son deyil. Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, “Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi “Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.

 

Çempionlar Liqası

1/6 final, ilk oyun

10 fevral

“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)

Bakı, “Azərreyl” İdman Bazası