10:44 10-02-2016
news_image
3517
TOP OYUNLARI

"Lokomotiv"in legioneri: 3:0 hesablı qələbə qazanacağıq

“Lokomotiv”in türkiyəli voleybolçusu Özge Kırdar Çembercinin apasport.az saytına müsahibəsi

 

- Bu gün Çempionlar Liqasının 1/6 final mərhələsi çərçivəsində “Volero” ilə ilk oyuna çıxacaqsız...

- Bu oyun komandamız üçün çox əhəmiyyətlidi. Amma çox çətin görüş olacaq. Çünki “Volero” Çempionlar Liqasının qrup mərhələsini məğlubiyyətsiz başa vurdu, yalnız 1 setdə uduzdu. Amma biz də tamaşaçı üstünlüyündən istifadə edib, evdə qələbə qazanmaq istəyirik. Sonrasına da növbəti görüşdə baxacağıq.

 

- “Volero” ölkə çempionatında da 131 matçdı qələbə qazanır. Qalib gəlmək sizin üçün çətin olmayacaq?

- İsveçrə çempionatı çox güclü deyil, ciddi rəqabət yoxdu. Buna görə də onların bu yarışdakı nəticəsini əsas götürmək olmaz. Lakin Çempionlar Liqasında çox gözəl oyun göstərirlər. Komandanın heyətində yer alan voleybolçular təcrübəli və ayrı-ayrılıqda da güclüdülər. Amma bizim də baş məşqçimizin verdiyi taktiki tapşırıqlar var və onu yerinə yetirib, qələbə qazanacağımıza inanıram.

 

- Təbii ki, rəqibin oyununu və heyətini müzakirə etmisiz. Sizcə “Lokomotiv” üçün kimlər “başağrısı” olacaq?

- Hücumçularını xüsusilə fərqləndirərdim. Fikrimcə, ukraynalı Olesiya Rıhlyuk və Natalya Məmmədova ən güclüləridi.

 

- Bəs “Lokomotiv”də onları “zərərsizləşdirə” biləcək oyunçular varmı? Kimlərin adını çəkə bilərsiz?

- Hamımız deyərdim. Həmçinin, hər birimizin onlardan daha güclü olduğunu da qeyd edərdim.

 

- Ayşən Abduləzimova zədələndikdən sonra blokda bir qədər axsamalar hiss olunur. Çünki əvəzetmələr də azdı.

- Düzdü. Lakin topu oyuna daha yaxşı daxil edə bilsək, bu problemi aradan qaldırarıq. Rəqibin hücum gücünü də azaltmış olarıq.

 

- Hiss olunur ki, hər biriniz matça yüksək əhval-ruhiyyədə köklənmisiz. Maraqlıdı, oyunla bağlı proqnoz versəz, hansı hesabı deyərdiz?

- “Volero” üzərində 3:0 hesablı qələbə qazanacağıq.