12:50 10-02-2016
news_image
7318
TOP OYUNLARI

“Azərbaycan yığmasına qayıtmağın mənası yoxdu”

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova Bakıya gəlib. 32 yaşlı hücumçunun yenidən paytaxtımızda olması heç də yığmamıza qayıdışı ilə bağlı deyil. Milliləşdirilən Ukrayna əsilli oyunçu şərəfini qoruduğu İsveçrənin “Volero” klubunun heyətində Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Lokomotiv”lə oyununda iştirak edəcək.

 

Məmmədova oyun öncəsi apasport.az saytına müsahibə verib. Avro-2013-də başa çatdıqdan sonra milli karyerasını bitirən ulduz hücumçu bunun səbəblərini açıqlayıb, “Lokomotiv”lə oyundan və şəxsi həyatından danışıb.  

 

- Çempionlar Liqasının pley-off mərhələsində püşk sizə Bakının “Lokomotiv” klubunu qismət etdi. Bunu necə qarşıladız?

- Çox müsbət qarşıladım. Yenidən Azərbaycan gəlmək mənim üçün sevindiricidi. Bakını görmək, “Lokomotiv”ə qarşı oynamaq xoşdu. Bir sözlə, hər şey əladı.

 

- “Lokomotiv” haqda nə deyə bilərsiz?

- Yaxşı komandadı, heyətində güclü oyunçular var. Sürətli oyun nümayiş etdirirlər. Yaxşı diaqonal voleybolçusu var. Bu, Çexiya millisinin aparıcı üzvü Aneta Havlikovadı. Əgər bu komanda qrupdan çıxıbsa, deməli, güclü komandadı.

 

- Uzun illər Azərbaycanda oynamış voleybolçu kimi komandanıza “Lokomotiv”dən məlumat toplamaqda kömək etdizmi?

- Yox. Mən “Volero”ya heç bir məlumat verməmişəm.

 

- Siz Bakı klublarının heyətində dəfələrlə “Lokomotiv”ə qarşı oynamısız. “Dəmiryolçular” çox dəyişib?

- Əlbəttə. Xeyli güclənib.

 

- Komandaların növbəti mərhələyə çıxmaq şanslarını necə dəyərləndirirsiz?

- Hər şeyi oyun göstərəcək.

 

- Səfər oyununda sizi hansı nəticə qane edəcək?

- İstənilən hesablı qələbə.

 

- Bakıda azarkeş dəstəyinin necə olduğunu bilirsiz. Dolu tribunalar qarşısında bunu bacarmaq çətin olmayacaq?

- Bunu çox gözəl bilirəm. Amma səfərdə oynamaq həmişə çətindi. Bura isə Azərbaycandı. Azarkeşlər çox çılğındı. Buna baxmayaraq, biz yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

 

- Artıq bir dəfə “Omiçka”nın heyətində rəqib kimi bu azarkeşlər önünə çıxmısız. Həmin oyundan hansı təəssüratlarınız qalıb?

- Həmin vaxt “İqtisadçı”ya qarşı oynamışdıq. Çox müsbət təəssüratlarım qalıb.

 

- Artıq 2 mövsümdü formasını geyindiyiniz “Volero”da işləriniz necə gedir?

- İsveçrə çox xoşuma gəlir. Hər şey əladı.

 

- Azərbaycan və İsveçrə çempionatlarını müqayisə edə bilərsizmi?

- Bunlar demək olar ki, tam fərqli 2 yarışdı. Azərbaycanda güclü komandalar çoxdu. Həmçinin klublar arasında səviyyə fərqi çox azdı. Amma çempionat çox qısadı. Çünki Super Liqada 5-6 komanda çıxış edir. İsveçrədə isə 12 komanda mübarizə aparır. Çempionatın ümumi səviyyəsi isə aşağıdı.

 

- Bəziləri iddia edir ki, İsveçrə çempionatının səviyyəsi aşağı olduğundan “Volero”ya çempion olmaq asandı. Bu fikirlə razısızmı?

- Bəli, rəqabət aşağı səviyyədədi. Amma yenə də oynamaq lazımdı. Heç kim meydana çıxıb, oyunu hədiyyə etmir. Bu qarşılaşmalarda qalib gəlmək lazımdı.

 

- “Volero”nu Azərbaycanda formasını geyindiyiniz son klub – “Rabitə” ilə müqayisə edə bilərsizmi?

- Fikrimcə, 2 müxtəlif komandanı müqayisə etmək mümkün deyil. Bu səbəbdən onları müqayisə etməzdim.

 

- Artıq “Rabitə” fəaliyyətini dayandırıb. Heyətində dünya çempionu, Çempionlar Liqasının finalçısı və Super Liqanın qalibi olduğunuz komandanın tarixin yaddaşına qovuşmasını necə qarşıladız?

- Çox təəssüf ki, belə bir komanda dağıldı. Onlarla bağlı çox müsbət təəssüratlarım qalıb. “Rabitə”də keçirdiyim mövsümlərlə bağlı yalnız xoş xatirələrim var. Yəqin ki, fikir verdiz, “Volero”da da “Rabitə”dəki komanda yoldaşlarım yer alıb. Silviya Popoviç, Dobriana Rabadjiyeva komanda yoldaşlarımdı. Mira Qoluboviç də “Volero”da çalışır. Mən “Rabitə”dən getdikdən sonra Bakı klubuna gələn Foluke Akinradevo da buradadı.

 

- Yeri gəlmişkən, “Omiçka” ilə probleminiz nə yerdədi? Rusiya klubu sizə olduğu borcu ödədimi?

- Yox, elə hər şey olduğu kimi qalır.

 

- Bəs məsələ hansı yerdədi?

- Biz məhkəmədə qalib gəldik. Lakin klub özünü müflis elan etdi. Artıq onların borclarını ödəməyə maliyyə imkanları yoxdu.

 

- Demək olarmı, pulunuzu alacağınıza ümidinizi itirmisiz?

- Yox, hələ ümidim qalır.

 

- Məbləğ də elə də böyük deyil...

- O qədər də böyük deyil. Cəmi 20 min avrodu.

 

- Avro-2013-də yığmamızın uğursuz çıxışından sonra millimizdə çıxış etmirsiz. Bu nə səbəbdəndi və komandanın çıxışlarını izləyirsizmi?

- Əlbəttə, daima diqqətimdədi. Oynamamağıma gəlincə, bu sağlamlığımla bağlıdı. Çiynimi əməliyyat etdirirdim, sonra da bərpa prosesi keçdim. Çox çətin əməliyyat idi. Bundan sonra əvvəlki səviyyəyə qayıtmaq asan olmur, müəyyən vaxt lazım idi. Bu üzdən millidən getməli oldum.

 

- Bəs çiyninizdəki zədənin tam sağaldığını demək olarmı?

- Bəli, artıq hər şey qaydasındadı.

 

- Zədə problemini arxada qoyduqdan sonra yığmaya dönüşünüz də mümkün deyildi?

- Yox, yığma karyeramı bitirmişəm.

 

- Milli karyeranızı başa vurduğunu Avro-2013-ün final mərhələsi zamanı federasiya ilə aranızda problemin yarandığı iddia olunur. Yığmadakı karyeranızın zədəniz deyil, bundan bəhrələndiyini deyənlər də var...

- Aramızda heç bir problem olmayıb. Dost kimi ayrılmışıq. Sadəcə, artıq həm yığma, həm də klubda oynamağa gücüm qalmayıb. Zədədən sonra bərpa olunmağa və özümə vaxt ayırmağa daha çox zaman lazım idi. Bu üzdən yığma karyeramı bitirməyi düzgün saydım. Düşünürəm ki, federasiya məni düzgün başa düşdü.

 

- Yığmadan ayrıldıqdan sonra Azərbaycan tərəfdən kiminləsə görüşmüzmü?

- Federasiya rəhbərliyi ilə görüşmüşəm. Mənə karyeramda uğurlar arzulayıblar.

 

- Hazırda “Volero” ilə Bakıya gəlmisiz. Federasiya rəhbərliyindən kiminləsə, məsələn, sizin yetişməyinizdə xüsusi rolu olan Faiq Qarayevlə görüşməyi düşünmürsüzmü?

- Əgər onun belə bir istəyi olsa, mən ancaq şad olaram. Bizi aeroportda yığmanın meneceri Qriqori Vasilyeviç qarşıladı, onunla görüşdüm. Ümid edirəm ki, millinin voleybolçuları ilə də görüşəcəm.

 

- Yəqin ki, Avro-2017-yə Azərbaycanla Gürcüstanın birgə ev sahibliyi edəcəyindən xəbəriniz var. 2005-ci ildən final mərhələsində oynayan, lakin ən yaxşı nəticəsi 4-cü yer olan komandamızın evdəki turnirdə şanslarını necə dəyərləndirərdiz? Milliyə qayıdıb, həmin həlledici oyunlarda yığmamıza kömək edə bilərsizmi?

- Artıq qərarımı vermişəm və geri qayıtmaqda hansısa bir məna görmürəm. Azərbaycan millisi həmişə güclü komanda olub. Onların həmişə qalib gəlmək şansları var. Komandanın final mərhələsində qrupdan çıxmaq və mümkün qədər irəli getmək imkanları var. Yığmamız dəfələrlə bunu nümayiş etdirib.

 

- Yığma karyeranızla bağlı verdiyiniz qərarı dəyişməyəcəyinizi israrla qeyd edirsiz. Geriyə boylanarkən, Azərbaycan millisinin karyeranızda hansı yer tutduğunu demək olar?

- Azərbaycan və yığma komanda karyerama böyük təsir edib. Mən bura gələndə çox gənc oyunçu idim. Bu günki Natalya Məmmədova olmağım məhz Azərbaycanın sayəsində oldu. Bir sözlə, özümü burada tapdım.  

 

- Gələcəkdə yenidən Azərbaycana gəlməyiniz mümkündümü?

- Yox, artıq qərarımı vermişəm. Karyeramı məhz “Volero”da başa vuracam.

 

- Əksər ulduzlar karyeralarını bitirmək üçün ilk peşəkar komandalarına qayıdırlar. Siz də ilk uğurlarınızı qazandığınız “Azərreyl”də son matçınızı keçərə bilməzsiz?

- Gənc yaşlarımda “Azərreyl”də oynamışam. Həmin vaxt Azərbaycan çempionatı da keçirilmirdi. Ciddi oyunları yalnız yığmada keçirirdik. “Volero” ilə razılığım var ki, karyeramı orada bitirəcəm. Bu səbəbdən də “Azərreyl”ə dönməyəcəm.

 

- Qısaca da olsa şəxsi həyatınızdan danışaq. Karyeranızı bitirdikdən sonra harada yaşayacaqsız? Bu, Azərbaycan ola bilərmi?

- Avropada yaşamağı planlaşdırıram. İspaniya və İsveçrədə evim var.

 

- Bakıda sizə hədiyyə olunan mənzili satmağınız da bura dönməməyinizə işarə idi...

- Bəli, burada evim vardı. Artıq onu satmışam. Gələcəkdə burada yaşamaq planım yoxdu. Amma tez-tez gələcəm.

 

- Siz güclü voleybolçu olmaqla yanaşı, həm də xanımsız...

- Karyeramı bitirən kimi ailə həyatı quracam.

 

- Bununla bağlı seçiminizi etmisizmi? Azərbaycanda xeyli pərəstişkarınız var. Təsadüfən, gələcək həyat yoldaşınız da sizə uğur qazandıran ölkəmizdən deyil?

- Seçim etmişəm. Amma deyim ki, Azərbaycandan deyil.

 

- “Volero” ilə 5 illik müqaviləniz 2019-cu ildə başa çatacaq. Bundan sonra karyeranızı bitirəcəksiz, yoxsa uzatmağınız mümkündü?

- Bunu zaman göstərəcək. Axı, mən ildən-ilə cavanlaşmıram. Sağlamlığımın da necə olacağı önəmlidi. Hazırda oynayıram, özümü yaxşı hiss edirəm.