16:33 12-02-2016
news_image

“Bu, Azərbaycan cüdosunun inkişafına töhfə verəcək” - Sadıq Sadıqov

“Ötən ilin oktyabrında Parisdə Azərbaycan və Beynəlxalq Cüdo Federasiyalarının rəhbərlərinin görüşündə, həmçinin Marius Vizerin bu ilin əvvəlində Bakıya səfərində ölkəmizdə cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunmuşdu. SOCAR-la Beynəlxalq Cüdo Federasiyası arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə də edilmişdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov deyib.

 

ACF rəsmisi SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında imzalanan tərəfdaşlıq müqaviləsi ilə bağlı fikirlərini açıqlayıb. Sadıqov bildirib ki, bu sözləşmə yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək: “2016-cı il Olimpiya ili sayılır və bu dövr ərzində Beynəlxalq Cüdo Federasiyasının xüsusi inkişaf proqramı mövcuddu. İmzalanan tərəfdaşlıq müqaviləsi də bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaq. Eləcə də, Beynəlxalq Cüdo Federasiyası tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”.

 

Vitse-prezident bu layihələrin nədən ibarət olduğuna da aydınlıq gətirib: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və bölmələrin inventarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulub. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcək”.