13:48 13-02-2016
news_image
1893
DİGƏR NÖVLƏR

“Ötən əsrlə müqayisədə Bakı indi Avropa şəhərlərinə bənzəyir” - MÜSAHİBƏ

İdman gimnastikası üzrə Özbəkistan yığması və onun baş məşqçisi Konstantin Şaulov artıq ölkəmizdədi. Onların Bakıya gəlişində məqsəd fevralın 19-21-də paytaxtımızda keçiriləcək Dünya “Çelenc” Kubokunda iştirakdı. Apasport.az saytının məlumatına görə, Şaulov turnir öncəsi fikirlərini və paytaxtımızla bağlı təəssüratlarını Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.

 

O bildirib ki, yarışda dünya və Avropa çempionları iştirak edəcəyindən, rəqabət güclü olacaq.

 

- Bu, sizin Bakıya ilk səfərinizdi?

- Şəhərinizə ilk dəfə keçən əsrin 70-ci illərinin sonunda səfər etmişəm. O zamanlar Bakı tamam başqa idi, indi isə daha çox Avropa şəhərlərinə bənzəyir. Paytaxtınız çox dəyişib.

 

- Məşqləriniz necə keçir? Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razısınızmı?

- Bir çox ölkələrə səfər etmişəm. Rusiyada da buna bənzər zal var, lakin burda hər şey, sadəcə, çox gözəl qurulub. Birincisi, arena çox genişdi və burda rahat mehmanxana var. Məşqlərimiz də çox yaxşı keçir. Hazırda idmanın Olimpiya növləri üzrə hazırlıq mərhələsindəyik və diqqətimiz əsasən Olimpiya Oyunları öncəsi Rio-de-Janeyroda təşkil olunacaq Test Turnirinə yönəlib. Ötən ilin sonunda bir qədər istirahət etdik, indi isə bərpa prosesindəyik.

 

- Məşqçilik fəaliyyəti ilə nə vaxtdan məşğulsunuz?

- 1981-ci ildən məşqçi kimi fəaliyyət göstərirəm. Təxminən 16 il qadın idman gimnastikası üzrə məşqçi kimi çalışmışam, sonra isə kişi komandasının heyətinə keçmişəm. Doğrudu, bir müddət məşqçilikdən ayrıldım, lakin 5 il sonra kiçik oğluma görə yenidən qayıtmaq qərarına gəldim. Hazırda ölkənizdə keçiriləcək Dünya Kubokuna qatılmaq üçün onunla burdayam.

 

- Yeri gəlmişkən, oğlunuz Eduard Şaulov hansı uğurlar əldə edib?

- Eduardın bu il 23 yaşı tamam olacaq. Oğlum Portuqaliyada keçirilmiş Dünya Kuboku mərhələsinin gimnastika atı üzərində hərəkətlərdə bürünc medal qazanıb. O həmçinin, Asiya çempionatında sərbəst hərəkətlərdə 3-cü yerə layiq görülüb. Eduard sizin gimnastlar – Oleq Stepko və Petro Paxnyukla birgə dünya çempionatında çıxış edib.

 

- Bakıda keçiriləcək Dünya Kubokundan hansı nəticələri gözləyirsiniz?

- Bakıya bir çox məşhur gimnastlar gələcək. Yaponiya komandasının heyətindəki dünya çempionlarını, Aleksandr Şatilovun lideri olduğu İsrail komandasını qeyd etsəm kifayətdi. Bura Braziliya, İspaniya və Almaniya idmançılarını əlavə etdikdə, sualınızın cavabı lap tamamlanır.

 

- Özbəkistanda idman gimnastikasının hazırkı inkişafı haqda nə deyə bilərsiniz?

- Bizim məşqlər üçün çox yaxşı və böyük zalımız var, lakin məşqçilər çatışmır. Gimnastika ilə məşğul olmaq istəyənlərin sayı olduqca çoxdu, xüsusilə də, milli komandaya ilkin hazırlıq mərhələsinə qədər idmançılar kifayət qədərdi.

 

- Özbəkistanın iki gimnastı Olimpiya Oyunları öncəsi Rioda keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib...

- Bəli, Test Turnirində iştirak edəcək gimnastlarımızdan biri kişi, digəri isə qadındı. Kimin lisenziya qazanmasından asılı olmayaraq, Olimpiya Oyunlarında ölkəni hansı idmançının təmsil edəcəyinə Özbəkistan Gimnastika Federasiyası qərar verəcək. Hələlik isə federasiya kişi idman gimnastikası üzrə Test Turnirində Anton Fokinin iştirak edəcəyinə qərar verib.