00:47 15-02-2016
news_image

Cüdoçumuz Avropa kubokunu qazandı

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü də Azərbaycan milli komandası üçün uğurlu olub.

 

+100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri finala gedən yolda ekvadorlu Freddi Fiqueroa, tatami sahibi Daniel Allerstorfer, monqolustanlı Temulen Battulqa və kubalı Qarsia Mendozanı məğlub edib.

 

Təmsilçimiz final qarşılaşmasında isə Rusiya təmsilçisi Aslan Kambievə qalib gələrək Avropa kubokunun qızıl medalını qazanıb.

 

Məmmədəli Mehdiyev (90 kq) və Cəlil Şükürov (100 kq) mötəbər turnirdə 5-ci olublar.

 

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər üçü 90 kq) mübarizəni erkən dayandırıblar.

 

Xatırladaq ki, turnirin ilk günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bürünc medal qazanıb.

 

Bununla da, Azərbaycan millisi Avropa kubokunda 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq komanda hesabında mötəbər turniri ikinci yerdə başa vurub.