11:57 17-02-2016
news_image
588
DİGƏR NÖVLƏR

Bakı Dünya Kubokunu qəbul etməyə hazırdı

Bakı idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunu qəbul etməyə hazırdı. Apasport.az saytının məlumatına görə, bu barədə açıqlamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov verib.

 

Federasiyanın rəsmi saytına danışan qurum rəsmisi bildirib ki, Dünya Kuboku təşkilatçılıq baxımından yüksək səviyyədə olacaq: “Hava limanında qarşılamadan tutmuş son mükafatlandırmaya qədər artıq hər şey hazırdı. Ümid edirəm ki, bizim komanda Kubok ərzində nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək”.

 

Qayıbov bildirib ki, fevralın 19-21-də Bakıda keçiriləcək yarışda Azərbaycan gimnastlarına da ümidlər böyükdü: “İdmançılarımızın iştirakına gəldikdə, əminəm ki, həm kişi, həm də qadın yığma komandamız idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Bunun üçün də bütün azarkeşləri Milli Gimnastika Arenasında təmsilçilərimizi dəstəkləməyə və bizimlə birgə bu idman bayramını yaşamağa çağırıram”.

 

Qeyd edək ki, yarışa 18 ölkənin gimnastları qatılacaq. Artıq İsveç, Yaponiya, Özbəkistan və İsrail komandaları Bakıdadı. Turnirə Beynəlxalq Gimnastika Federasiyasının Kişi İdman Gimnastikası üzrə Texniki Komitəsinin Almaniyadan olan üzvü Holqer Albrext və  Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti,  Olimpiya çempionu Nelli Kim (Belarus) də səfər edəcək.