14:17 17-02-2016
news_image

Yığmamızın üzvü Bakı klubuna qoşuldu

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu 3-cü görüşünə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız fevralın 19-da saat 19:00-da Boks Mərkəzində “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq.

 

Ötən tur “Astana Arlans”la görüşü təxirə salınan Puerto Riko təmsilçisi qrupda sonuncu yeri tutur. “Baku Fires” isə D qrupunda 2-ci pillədədi.

 

Komandaların heyətləri artıq məlumdu:

Baku Fires – Puerto Rico Hurricanes

49 kq. Rəsul Saliyev– Antoni Ortiz

56 kq. Yaraş Məhəmmədov– Edqardo Rolon

64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera

75 kq. Nikolay Veselov– Kristian Mbilli

91 kq. Abdulqadir Abdullayev– Roman Fress

 

Bu dəfə komandamızın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq. Qeyd edək ki, boksçumuz milli komandamızın düşərgəsində təlim-məşq toplanışında iştirak edirdi. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında 6-cı yeri tutub.

 

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB liqasında debüt edəcək. Bu görüşdə həmyerlimizi favorit saymaq olar.

 

Veselovla üz-üzə gələcək Mbilli də rəqib komandanın güclü boksçularındandı. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə Veselovun ilk döyüşü olacaq.

 

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda “Astana Arlans”ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.

 

Turnir cədvəli

1. Uzbek Tigers – 4 xal (2 görüş, qələbə sayı 7-3)

2. Baku Fires – 3 xal (2, 4-6)

3. Astana Arlans – 3 xal (1, 4-1)

4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).