11:41 24-02-2016
news_image
1651
STOLÜSTÜ OYUNLAR

Bakı Şahmat Olimpiadası ilə bağlı iclas keçirilib

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Əməliyyat Komitəsində iclas keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi toplantıda mötəbər yarışın təşkilatçılığıyla bağlı müzakirələr aparılıb. 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, iclasda sentyabrda Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qonaqların qarşılanması və yerləşdirilməsi, yarış zalının tərtibatı, o cümlədən turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb.  

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.