11:13 27-02-2016
news_image
2456
TOP OYUNLARI

Azərbaycan çempionatının lideri “Dinamo”dan oyunçu transfer etdi

“Telekom” heyətini yeni voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Super Liqanın lideri əsas heyət blokçusu Xristina Rusevanın zədələnməsi səbəbindən Aleksandra Petroviçi rənglərinə bağlayıb.

 

Serbiya millisinin 29 yaşlı voleybolçusu ilə mövsümün sonuna kimi razılıq əldə olunub. Artıq komandanın düşərgəsinə qoşulan 192 sm boya malik Petroviç Serbiya “Dinamo”sundan transfer edilib. O, “Telekom”a gəlincə, “Yedinstvo” (2003-2007), “Postar 064” (2007-2009, hər ikisi Serbiya), “Volero” (2009-2012, İsveçrə), “Əczaçıbaşı” (2012-2013, Türkiyə), “Ştiinta” (2013-2014, Rumıniya) və “Kralovo Pole” (2014-2015, Çexiya) klublarının şərəfini qoruyub.

 

2006-cı ildən ölkəsinin əsas komandasının formasını geyinən blokçu 2009-cu ildə Avropa Liqasını qazanıb. O, həmçinin 2005-ci ildə Serbiyanın yeniyetmələrdən ibarət millisində də oynayıb və dünya çempionatının gümüş medalına yiyələnib.

 

Petroviçin klub karyerasında uğurları isə daha çoxdu. 3 dəfə Serbiya və İsveçrə çempionu olan voleybolçu Rumıniya çempionatında da birincilik sevinci yaşayıb. Bundan əlavə, 2 dəfə Serbiya, 3 dəfə İsveçrə və 1 dəfə Rumıniya kubokunun sahibi olub. Aleksandra İsveçrə (3 dəfə) və Türkiyə superkubokuna da yiyələnib.

 

Qeyd edək ki, bir müddət öncə əməliyyat olunan Ruseva mövsümün sonuna kimi oynaya bilməyəcək.