22:19 28-02-2016
news_image

Avropa kubokunda 1 qızıl, bir bürünc

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

 

Belə ki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağı bacarıb. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev yarımfinala gedən yolda hollandiyalı Riko Harder, finlandiyalı Samuli Vitanen və litvalı Karolis Bauzanı məğlub edib. Cüdoçumuz yarımfinalda polşalı cüdoçu Patrik Çexomski üzərində təmiz qələbə qazanaraq finala çıxıb. Həlledici görüşdə İspaniya təmsilçisi David Ruisi məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb.

 

100+ kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri yarışa Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə qazanaraq başlayıb. 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzan Kokouri təsəlliverici görüşlərə qatılıb. O, ilk qarşılaşmasında fransalı Həmzə Ouçaniyə qalib gəlib. İkinci görüşündə isə Ukrayna cüdoçusu Andri Kolesniki mübarizədən kənarlaşdıraraq, mötəbər turnirin bürünc medalını qazanıb.

 

Digər cüdoçularımız - Ziya Namazov (81 kq) və Ramin Qurbanov (90 kq) mübarizəni erkən dayandırıblar.