11:01 01-03-2016
news_image
565
STOLÜSTÜ OYUNLAR

Şahmat Olimpiadasının Təşkilat Komitəsi yarışın keçiriləcəyi məkanda

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləri ilə əlaqədar Təşkilat Komitəsi yarışın keçiriləcəyi “Crystal Hall”da olub. Apasport.az saytının məlumatına görə, baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi görüşdə mötəbər yarışın təşkilatçılığı ilə bağlı müzakirələr aparılıb. 

Təşkilat Komitəsi sentyabrda Bakı Şahmat Olimpiadasının keçiriləcəyi “Crystall Hall”da olarkən yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin olimpiada vaxtı tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədi ilə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb. 

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE Konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-ə yaxın ölkədən, 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirakı gözlənilir.