15:21 02-03-2016
news_image

Qazaxıstan klubu Bakıya iddialı gəlir

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” martın 4-də növbəti görüşünə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşacaq.

 

Qazaxıstan təmsilçisi hazırda 3 xalla qrupda 3-cü yeri tutur. Hesabında 6 xal olan “Baku Fires” isə 2-ci pillədədi.

 

Komandaların heyətləri artıq məlumdu. “Baku Fires”də Məhəmməd İbiyev (52 kq) Oljas Sattibayevlə, Nəsrəddin Məmmədov (60 kq) Zakir Safiullinlə, Tamerlan Abdullayev (69 kq) Aslanbek Şıybergenovla, Mixail Dalqalivets (81 kq) Nurdaulet Jarmanovla və Arslanbek Mahmudov (+91 kq) Nurjan Bekzatovla döyüşəcək.

 

Məmmədov cari mövsümdə komandamızın heyətində ilk döyüşə çıxacaq. Ancaq Nəsrəddin ötən il iki dəfə WSB liqasında rinqə çıxaraq, görüşlərdən birində qalib gəlib. Onun rəqibi 60 kq-da Qazaxıstanın ən güclü boksçularından olan Safiullin 2015-ci ilin Asiya çempionatının gümüş mükafatçısıdı. Odu ki, ötən ilin martında Albert Səlimovun məğlub etdiyi 29 yaşlı rəqibin bu qarşılaşmada boksçumuza qarşı ciddi müqavimət göstərəcəyi gözləniləndi.

 

AİBA Pro Boxing təcrübəsi olan Abdullayev də bu mövsüm ilk dəfə WSB liqasında rinqə çıxacaq. Onun rəqibi 2015-ci ilin iyununda kubalı Roniel İqlesias üzərində qələbə qazanaraq, diqqət mərkəzinə düşən Şıybergenovdu.

 

52 kq çəki dərəcəsində mübarizə aparan İbiyev “Astana Arlans”ın ən təcrübəli üzvlərindən biri Oljas Sattibayevlə üz-üzə gələcək. Qazaxıstan boksçusu Ümumdünya Boks Seriyasında 7 döyüşün 5-də qalib gəlib. O, son dünya çempionatının gümüş mükafatçısı Yosbani Veitia üzərində qələbə qazanmaqla, potensialını ortaya qoyub.

 

Qeyd edək ki, “Astana Arlans” ötən tur səfərdə “Uzbek Tigers”ə 1:4 hesabı ilə məğlub olub. Qazaxıstan təmsilçisi bu səbəbdən Bakıda qələbə qazanmaq üçün əlindən gələni edəcək. Qonaqların baş direktoru Serik Sapiyev “Baku Fires”lə görüşlərin prinsipial keçdiyini və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.