11:43 05-03-2016
news_image
1841
DİGƏR NÖVLƏR

Dünya çempionu azarkeşlərinin suallarını Bakıda cavablandıracaq

Formula-1 Avropa Qran-prisinin rəsmi elçisi elan olunmuş Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində çoxsaylı azarkeşləri ilə onlayn təmas quracaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, paytaxtımızdan canlı olaraq yayımlanacaq sual-cavab sessiyası martın 9-da, saat 14:30-da başlayacaq.

 

Söhbət BŞH-nin rəsmi saytında (https://www.bakucitycircuit.com/az/canli) baş tutacaq.

 

Əməliyyat şirkəti Alonsonun dünyanın bütün guşələrindən olan azarkeşlərinə müraciət edərək bildirir ki, “MakLaren-Honda” pilotuna olan suallarını #AskAlonso həştəqindən istifadə etməklə BŞH-nin Facebook, Twitter və ya Instagram səhifələrinə öncədən göndərsinlər. Ən maraqlı suallar seçilərək ispaniyalı pilota ünvanlanacaq.

 

Dünya çempionu ölkəmizə səfəri öncəsi bildirib ki, onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyir: “Bu, illər boyu mənə pərəstiş edən insanlarla birbaşa ünsiyyət qurmaq və F1 yarış mövsümü öncəsi əlavə müsbət enerji almaq üçün böyük fürsətdi. Odu ki, mənə olan suallarınızı göndərin və növbəti həftə Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam”.

 

Qeyd edək ki, Alonso Bakıya martın 8-də ikigünlük səfərə gələcək.