16:13 07-03-2016
news_image
4082
TOP OYUNLARI

Yalnız bizdə: 400-dək “onluq”

CEV kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” oyunu Azərbaycanın voleybol tarixinə düşəcək. Apasport.az saytının hesablamasına görə, Krasnodar “Olimp” İdman Sarayında baş tutacaq qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində yubiley – 400-cü oyunu olacaq.

 

Belə ki, sabahkı matça qədər kişi və qadınlardan ibarət klublarımız müxtəlif səviyyəli qitə miqyaslı turnirlər, həmçinin klublararası dünya çempionatında üst-üstə 399 qarşılaşma keçirib. Bu oyunlarda təmsilçilərimiz 229 qələbə qazanıb, 170 dəfə məğlub olub. Komandalarımız indiyədək keçirdiyi 1480 setdə 832 dəfə sevilib, 648 dəfə üzülüb. Ümumi top fərqində də klublarımız öndədi – 31939:30228.

 

Komandalarımızın avrokuboklardakı debütü 1990-cı il noyabrın 3-də baş tutub. Həmin gün BMKZ Kiprin “Olimpiakos Neapoleos” klubu ilə üz-üzə gəlib – 3:0. Kişi komandalarımızın debütü isə 10 sonraya təsadüf edib. 2001/2002 mövsümündə “Azəroil” (sonradan adı “Azərneft” olub - red) Macarıstan “Kometa”sı ilə qarşılaşıb. 2001-ci il oktyabrın 6-da təşkil olunan matçda rəqib sevinib – 0:3.

 

Klublarımızın indiyədək keçirdiyi 399 oyundan 40-ı kişilərin, 359-u qadın komandalarımızın hesabındadı.

 

Bu günə qədər 10 Azərbaycan komandası avrokuboklarda mübarizə aparıb. Onlardan 2-si kişi komandasıdı. Bunlar “Azərneft” (34) və “Metro”du (6). Qadın klublarımız arasında rekord isə “Azərreyl”ə məxsusdu - 127. Digər komandalarımızdan “Rabitə” 82, “Lokomotiv” 56, “İqtisadçı” 32, “Azəryol” 26, BMKZ 16, “Bakı” 14 və “Telekom” 6 oyun keçirib.

 

Tahir HÜMMƏTOV