21:55 09-03-2016
news_image
5523
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatının ikinci günündə bir medal - YENİLƏNİB

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxmalı idi. Olimpiya çempionumuz zədə səbəbindən yarıçdan imtina etdiyindən mübarizəyə 3 idmançımız qoşulub.

 

Çempionatın ikinci günü Azərbaycan güləşçiləri üçün bir medalla nəticələnib. Qadınlar arasında 60 kq-da mübarizə aparan Yuliya Ratkeviç bürünc medal qazanıb.


 

Sərbəst güləş

Qadınlar

53 kq
Yığmamızın üzvü Anjela Doroqan mübarizəyə 1/8 finaldan başlayıb. Almaniyalı Nina Hemmerlə güləşən idmançımız məğlubiyyətə üzülüb. Rəqib 5:2 hesabı ilə qalib gəlib.  

60 kq
Dünya və Avropa çempionumuz Yuliya Ratkeviç ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda bolqarıstanlı Canan Manolova ilə gücünü yoxlayıb. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. 8:2 hesabı ilə qələbə qazanan Ratkeviç yarımfinala vəsiqə qazanıb. Lakin Yuliya növbəti görüşdə Oksana Herhelə (Ukrayna) uduzaraq, çempionluq şansını itirib.

 

O, bürünc medal uğrunda döyüşdə norveçli Şarlotta Skauenla qüvvəsini sınayıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb. 

Kişilər

65 kq
Millimizin üzvü Ağahüseyn Mustafayev 1/8 finala vəsiqə uğrunda Mikola Bolotnyukla (Slovakiya) qüvvəsini sınayıb. Görüş həmyerlimiz üçün uğurlu alınıb. O, Bolotnyuku tam üstünlüklə (10:0) məğlub edərək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda Almar Andruse (Estoniya) ilə qarşılaşma da Ağahüseyn üçün çətin alınmayıb. Güləşçimiz bu rəqibini də asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. O, yarımfinala gedən yolda fransalı Yuri Syemakinlə üz-üzə gəlib. Gərgin keçən görüş Mustafayevin qələbəsi ilə yekunlaşıb - 6:3. Təəssüf ki, Ağahüseyn yarımfinalda qələbə seriyasını davam etdirə bilməyib və italiyalı Frank Çamizoya 1:11 hesabı ilə məğlub olub.

 

O, bürünc medal uğrunda görüşdə ukraynalı Semyon Radulovla mübarizədə də döşəyi başıaşağı tərk edib. Təmsilçimiz görüşün gedişatında xal hesabında irəlidə olsa da, ukraynalı pəhləvan onun kürəyini yerə vuraraq, qələbəni rəsmiləşdirib.

 

97 kq

Bu çəkidə ölkəmizi təmsil edən Olimpiya və dünya çempionumuz Şərif Şərifov Avropa çempionatında ilk titulunu qazanmaq arzusunda olsa da, bunu ən azı 1 illik təxirə salıb. İndiyədək qitəmiqyaslı yarışda gümüş və bürünc medal qazanan güləşçimiz zədə səbəbindən xalçaya çıxmayıb və rəqibi İvan Yankovski (Belarus) mübarizəsiz mərhələ adlayıb.

Qeyd edək ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş medala sahib olub.