13:27 09-03-2016
news_image
777
TOP OYUNLARI

“Azəryol”un kapitanı: Bakıda “Dinamo” ilə döyüşəcəyik

“İlk seti qələbəyə daşıya bilmədiyimiz üçün təəssüflənirəm. Yaxşı və inamlı oynayırdıq. Amma nəsə alınmırdı”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Marin Apitz deyib.

 

Komandasının kapitanı CEV kubokunun yarımfinalında “Dinamo”ya (Krasnodar) 0:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. Təcrübəli toppaylayıcı bildirib ki, ilk setdə oyuna diqtə etmələrinə baxmayaraq, yekunda məğlubiyyət ümumi nəticəyə təsir edib: “İkinci hissədə tamamilə ruhdan düşdük. Üçüncü setdə isə qalib gələ bilərdik. Lakin yenə uduzduq. “Dinamo”da çox yaxşı və yüksək səviyyəli voleybolçulardan qurulub. Ucaboy və sürətli oyunçulara qarşı oynamaq həmişə çətindi. Amma bu hələ mübarizənin sonu deyil”.

 

Apitzin sözlərinə görə, əsas mübarizə martın 12-də Bakıda baş tutacaq cavab oyununda olacaq: “Biz Bakıda “Dinamo” ilə döyüşəcəyik. Ən yaxşı oyunumuzu göstərib, görüşü “Qızıl set”ə daşımağa hazırlaşırıq. Həlledici hissə isə bizi növbəti mərhələyə daşımağa kömək edə bilər”.

 

Almaniyalı legioner Rusiyada onlara göstərilən diqqətdən də razı qalıb: “Krasnodarda ab-hava əla idi. Azarkeşlər komandalarını möhtəşəm dəstəklədilər. Bu, xoşuma gəldi”.